Milli Qurtuluş Günündən başlayan tarixi Zəfər yolu

Artıq ikinci ildir ki, torpaqlarımızın məhz savaş meydanında işğaldan azad edilməsinin qürurunu yaşayırıq. Bu ali duyğu hər birimizə ona görə mənəvi rahatlıq gətirir ki, onu təkcə fərdi qaydada deyil, millət, xalq olaraq yaşayırıq. Son iki əsrdə ərazisi hissə-hissə işğal edilən və zaman-zaman deportasiyaya məruz qalan xalqımız üçün bu hissin milli-mənəvi əhəmiyyəti həm də ondadır ki, bəzi böyük dövlətlərin tarixən işğalçı Ermənistanın yanında yer almasına baxmayaraq, milli kimliyimizi, milli ləyaqətimizi qorumağa qadir olduğumuzu sübut etdik. Tarixi zəfərimiz asan başa gəlmədi, bu yolda şəhidlər verdik. Ordumuz, xüsusən gənclərimiz fədakarlıq və qəhrəmanlıq nümunəsi göstərdi, bir çoxu qazi mərtəbəsinə yüksəldi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin.

Bu sözlər Milli Məclisin deputatı Ülvi Quliyevin “Milli Qurtuluş Günündən başlayan tarixi Zəfər yolu” məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Tarixi ədalətin bərpasına və hüququn aliliyinə aparan yol ona görə bu qədər uzun çəkdi ki, siyasi riyakarlıqla, ikili standartlarla üzləşməli olduq. Dünyanın üç böyük dövləti, üç nüvə ölkəsi, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü 28 il ərzində işğalçı Ermənistana qarşı bir dəfə də olsun sanksiya tətbiq etmədi. Kim inana bilər ki, bu üç nəhəng dövlət BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini Ermənistana icra etdirməkdə 27 il boyunca aciz qaldı? Əgər o zaman beynəlxalq hüququ saya salmayan və vasitəçilərin “kəsərsizliyindən” istədiyi kimi faydalanan Ermənistana qarşı hazırda Ukraynaya görə tətbiq edilən sanksiyaların eynisi qəbul olunsaydı, indi nə Ukraynada, nə də başqa çoğrafiyalarda separatçılığa bu qədər həvəs göstərilməz və dəstək verilməzdi. Cəmiyyətimiz ikili standartlardan gileylənərkən həm də üzləşdiyi bu cür ayrı-seçkilik nümunələrinə əsaslanır. Təəssüf ki, belə nümunələr az olmayıb. Bütün bunlara baxmayaraq, xalqımız haqqa və ədalətə, beynəlxalq hüquqa olan inamını itirmədi. İlk növbədə, ona görə ki, dövlətimizin yürütdüyü siyasət cəmiyyətin özgüvəninin qorunmasına və hakimiyyətə olan inamının möhkəmlənməsinə xidmət göstərdi. Ulu öndər Heydər Əliyev məhz bu gerçəklikdən çıxış edərək belə demişdi: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”.

Hüquqlarını anlamaq hələ o demək deyil ki, istənilən cəmiyyətə, istənilən xalqa onları qorumaq nəsib olur. Əgər torpaqlarımızın ardıcıl şəkildə işğal edildiyi, milli ləyaqətimizin sınağa çəkildiyi, hərc-mərcliyin baş alıb getdiyi, ölkəmiz parçalanmaq və vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyi dövrdə – 1993-cü ilin iyununda Heydər Əliyev xalqımızın yekdil və təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasaydı, Qarabağı və dövlət müstəqilliyini Azərbaycana unutdurmaq istəyənlər öz istəklərinə nail ola bilərdilər. Heydər Əliyev ona görə Böyük Azərbaycanlı və nadir tarixi şəxsiyyətlərdəndir ki, xalqımız üçün ən çətin, taleyüklü günlərdə onun yanında oldu və tarixi Xilaskar missiyasını yerinə yetirdi. Ulu Öndər 1993-cü ilin Prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışında hansı ağır mirasla üzləşdiyini və məsuliyyəti nəyə görə üzərinə götürdüyünü belə ifadə etmişdi: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır… Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir”.

Ulu Öndərin bənzərsiz dövlət idarəçiliyi təcrübəsi və qətiyyəti sayəsində ölkəmizdə qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, vətəndaşların təhlükəsizliyi və ictimai-siyasi sabitlik təmin olundu, qısa müddətdə insanların dövlət institutlarına inamı bərpa edildi. Heydər Əliyev dünya güclərinin xüsusi ehtiramla yanaşdığı siyasi nüfuzu sayəsində ona da nail oldu ki, maraqları toqquşan böyük dövlət başçılarını bir araya gətirə bildi və çoxsaylı maneələrə baxmayaraq, 1994-cü ilin sentyabrında XX əsrin ən böyük Neft Kontraktı imzalandı. Bununla da müasir Azərbaycanın iqtisadi müstəqilliyinin etibarlı bünövrəsi qoyuldu, torpaqlarımızı işğaldan azad etməyə qadir olan ordu quruculuğuna başlanıldı, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlər dövlət siyasətinin prioritetinə çevrildi. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, ölkəmizin qanunvericilik bazasının bəşəri dəyərlər və fundamental beynəlxalq prinsiplər əsasında formalaşdırılmasının əsası qoyuldu. Heydər Əliyev təkcə Azərbaycanın dövlət müstəqilliyini və xalqımızın öz dövlətinə sahib olmaq haqqını xilas etmədi, Ulu Öndər həm də bu gün hər birimizin qürur duyduğu müasir və güclü Azərbaycanın memarı oldu. Məhz bu xidmətlərinə görə xalqımız öz Xilaskarını hər il iyunun 15-də – Milli Qurtuluş Günündə xüsusi ehtiramla yad edir, bu Böyük azərbaycanlını qəlbində və tarixində yaşadır. Dünya dövlətlərinin keçdiyi yola, lider nümunələrinin müqayisəli təhlilinə diqqət ayırsaq, bir daha əmin olarıq ki, Heydər Əliyev miqyasında dövlət xadimi ilə az-az xalqlar öyünə bilir. Fərqi bir daha görmək üçün Nizami Gəncəvinin bu misralarını yada salmaq kifayətdir: “İnsandan insana fərq var: bir dəmirdən həm nal, həm də qılınc düzəldirlər”. Heydər Əliyev və onun siyasi irsi xalqımızın tarixində heç vaxt korşalmayacaq və əbədi yaşayacaq Zəka Qılıncıdır. Çünki Ulu Öndərin xilaskarlıq missiyasını tarixi Zəfər zirvəsinə çatdıran Prezident İlham Əliyev kimi layiqli davamçısı var. Siseron dəyərli kəlamlarından birində belə demişdi: “Şərəf və düzgünlük ədalətin təməlidir”. Prezident İlham Əliyev müstəqil Azərbaycanın tarixinə adını Müzəffər Ali Baş Komandan olaraq yazdırmağa ona görə müvəffəq oldu ki, Ulu Öndərin şərəfli ömür yolunu şərəf və dürüstlük üzərində davam etdirir. Düşmən tapdağından azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa işlərinə start verən Prezident İlham Əliyevin tarixi uğurlarının səbəbi həm də budur ki, O, azərbaycançılıq, türkçülük, milli və müstəqil dövlətçilik məfkurəsinə siyasi sələfi Heydər Əliyev qədər qəlbən bağlıdır. Ötən il iyunun 15-də, məhz Milli Qurtuluş Günündə Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşada imzaladıqları tarixi Bəyannamə də elə bu əqidə bağlılığının, müstəqil Azərbaycana və böyük Türk dünyasına xidmətin nəticəsidir. Qardaş Türkiyə ilə əlaqələrimizi müttəfiqlik səviyyəsində rəsmiləşdirən həmin Bəyannamə mahiyyətcə yüz il əvvəlki Qars müqaviləsinin məntiqi davamıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günündən başlayan tarixi Zəfər yolumuzla bağlı Azərbaycan gerçəkliyini qədim Şuşada belə ifadə etmişdi: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, İnşallah, dastan yazmaqda davam edəcək”.

Prezident İlham Əliyev mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində ümumi qələbəmizə xidmət edən milli ideologiyanın mahiyyətini bu cümlələrlə ifadə etdi: “Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi cəhətdən tam müstəqilik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır… Əlbəttə, biz müstəqil olmasaydıq, yəni, sözün əsl mənasında, müstəqil olmasaydıq, erməni işğalına son qoya bilməzdik”.