“Onların düşüncəsinə görə, kim düzgün siyasi mübarizə yolunu seçirsə, o satqındır, iqtidara işləyəndir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Şuranın “zoom”-konfransında müxalifət partiyaları haqqında səsləndirilinən aşağılayıcı fikirlərə münasibət bildirən Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib.
Partiya sədrinin sözlərinə görə Milli Şura üzvləri onları dəstəkləməyənləri özlərinin düşməni kimi qəbul edir və bu düşüncə ilə davranırlar:
“Mən bu Milli Şura yaranandan onun adını “millilikdən uzaq Milli Şura” qoymuşam. Çünki Milli Şuranın təməli xaricdən gəndərilən sifariş əsasında qoyulub.
Milli Şuranın tərkibinə baxın: Cəmil Həsənli – öz partiyasına xəyanət etmiş adamdır. Parlamentə iki dəfə deputat seçiləndə iqtidarla heç bir problemi yox idi, Heydər Əliyev də, İlham Əliyev də onun nəzərində yaxşı prezident idi. Amma parlamentə yenidən seçilməyəndə, mövqeyini tamamilə dəyişdi.
Gültəkin Hacıbəyli – Milli Məsclisin deputatı olarkən, prezident seçkilərində İlham Əliyevin vəkili idi, onu var gücü ilə dəstəkləyirdi. Amma parlamentdə düşməyəndə, dönüb oldu müxalifətçi. Eynilə də Əli Kərimli və digərləri.
İkincisi, Lenin belə bir fikri vardı ki, kim bizdən deyilsə, bizim düşmənimizdir. Bu, sırf bolşevizmdir. Onların mübrizəsi revanşizmdən ibarətdir. Milli Şura üzvləri də Leninin dediyim sözlərini təkrarlayırlar. Bu prinsiplə siyasi mübarizə aparmaq olmaz.
Üçüncüsü, onlar özlərini demokrat sayırlar. Axı demokratiyanın bir sıra prinsipləri var. Ən başlıca prinsip isə əks fikrə hörmətlə yanaşmaqdır. Bu prinsipə əməl etməyən insanlar demokratiyadan necə danışa bilərlər?
Onların düşüncəsinə görə, kim düzgün siyasi mübarizə yolunu seçirsə, o satqındır, iqtidara işləyəndir. Bunlar müvazinətlərini itiriblər və özlərini yenidən tarazlaya bilmirlər”.
Teyyub Qənioğlunun fikrincə, Milli Şuranın rəhbərliyi normal siyasi mübarizə üsullarından istifadə etmək istəmir:
“Ölkədə problemlərin olduğunu heç kim inkar etmir. Ölkədə rüşvət də, korrupsiya da, məmur özbaşınalığı da var. Bunu millət də, iqtidar da, siyasi partiyalar da görür.
Ancaq Milli Şuradakılar bütün bunlara qarşı aparılan mübarizəni görmək istəmirlər. Koronavirusla bağlı ölkədə müxtəlif problemlər yaranıb, iqtisadi çətinliklər var və vətəndaşlar bu çətinlikləri yaşayırlar.
Lakkin belə bir şəraitdə Milli Şuranın dırnaqarası başbilənləri bu problemlərdən sui-istifadə etməyə çalışırlar. Bu problemlərdən çıxış yolunu göstərən siyasi partiyaları isə qaralayırlar. Bu, düzgün deyil.
Kimdir onların arxasınca gedən? Siyasi təcrübəsi olan heç kəs onlara etimad göstərməz. İqtidarı rüşvətxorluqla günahlandıranlar, rüşvətə görə vəzifəsindən azad olunanları sonradan öz tərəflərinə çəkmək istəyirlər. Nə oldu, dünən korrupsioner dediyini bu gün necə müdafiə edirsən? Belə siyasət olmaz”.
Aqil Bəkir