!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Milli Şuradakılar əsas məsələləri unudub, cinsi azlıqlara görə saçyoldusuna çıxıblar” – Keçmiş dövlət müşaviri

!Reklam – Yazi

“Onlar prosesin önündə getmək yerinə, hadisələrin arxasınca sürünməyə başlayıblar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında müxalifətin radikal qanadının birləşdiyi Milli Şurada baş verən son olaylara münasibət bildirən keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, Milli Şurada cərəyan edən son hadisələr bu qurumun tükəndiyini göstərir:

“Ataların bir sözü var: Düzgün idi hər yarağımız, düzəldi saqqal darağımız. Kimsə nəsə deyibsə, bunun Milli Şuranın gündəliyinə çıxarılmasına nə ehtiyac var idi? Nəticədə Eldəniz Quliyev Milli Şuradan istefa verdi. Rafiq Manafov da onunla eyni mövqedən çıxış edib.

Eldəniz Quliyevin istefa verməsi Milli Şuranın ciddi zəifləməsi deməkdir. Milli Şuradakılar yeni siyasi proseslərə hazırlaşmaq əvəzinə, cinsi azlıqların məsələsini müzakirə edirlərsə, bu, onların ideya baxımından tükəndikləri qənaəti yaradır.

Gündəmin əsas fundamental məsələlərini yaddan çıxarıblar, o qədər də, əhəmiyyət kəsb etməyən məsələlər ətrafında belə desək, saçyoldusuna çıxıblar. Bütün bunlar göstərir ki, Milli Şura onsuz da geniş olmayan potensialını düzgün istiqamətləndirə bilmir. Əksinə corab ilməsi kimi sökülə-sökülə getməkdədir.

Bu, həm də onu göstərir ki, müxalif düşərgə postpandemiya dönəminə hazır deyil. Gündəmə cinsi azlıqların müzakirəsi ilə gəlmələri göstərir ki, onlar artıq fərqli gündəm yaratmaq və ciddi məsələləri müzakirə etmək iqtidarında deyillər.

Onlar prosesin önündə getmək yerinə, hadisələrin arxasınca sürünməyə başlayıblar. Görünən odur ki, Milli Şura cəmiyyətdə ciddi maraq doğruacaq məsələləri diqqət mərkəzinə gətirə bilmir. Zənnimcə, baş verən bu hadisə onlara inananlar arasında ruh düşkünlüyü yaradır. Bu da siyasi proseslərin dinamikasına təsirsiz qalmır”.

Səxavət Məmməd

www.yenicag.az

1196
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv