19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
Yenicag.az xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin III turunda Lixtenşteynlə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində ilk qolu 14-cü dəqiqədə Murad Mahmudov vurub. Kamran Quliyev isə 64 və 69-cu dəqiqələrdə fərqlənməklə oyunda dubla imza atıb.
Qrupun digər görüşündə İsrail Gürcüstanla heç-heçə edib – 1:1. Bu oyunların nəticəsindən sonra Azərbaycan millisi 6 xalla qrup ikincisi olub və elit-raunda vəsiqə qazanıb. İsrail komandası isə 7-cı xalını qazanaraq qrup birinci kimi növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı I qrupun oyunları Gürcüstanın paytaxtı Tbilisidə keçirilir. Qrupdakı ilk matçda İsrailə 1:4 hesabı ilə uduzan komanda, II görüşdə meydan sahiblərini üstələməyi bacarıb – 2:1.