Millimiz Rusiyaya uduzdu

16 yaşadək qızlar ibarət Azərbaycan milli komandası Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) çempionatında üçüncü matçını keçirib.

Yenicag.az xəbər verir ki, Emin Əbilovun rəhbərlik etdiyi komanda Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan yarışda Rusiya ilə gücünü yoxlayıb.

A qrupunda yer alan voleybolçularımız ilk 2 matçdakı kimi məğlubiyyətə üzülüblər. Rusiyalılar təmsilçimizə göz açmağa imkan verməyiblər. Yığmamız heç bir setdə top sayını 10-a belə çatdıra bilməyib – 7:25, 9:25, 8:25.

0:3 hesabı məğlubiyyət komandamızın AVRO-2020-yə çıxmaq şansının da üstündən xətt çəkib. Çünki reqlamentə əsasən yarış qitə birinciliyinə seçmə statusu daşıyır və qrup qalibləri finalda üz-üzə gələcək ki, Azərbaycan millisi də bu şansını itirib. İlk pillədə qərarlaşan Rusiya 4 oyunda 4 qələbə qazanıbsa, Azərbaycan hələ də xalsızdır. 3 görüşdə meydana çıxan Ukrayna, Latviya və Gürcüstan isə 3 xala malikdir.

Komandamız növbəti – sonuncu turda Latviya ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, B qrupunda Belarus, Estoniya, Litva və Polşa milliləri mübarizə aparırlar. /Apasport.az/

COP29