Millimizin üzvləri Makedoniya ilə oyundan danışdılar

Futbol üzrə Azərbaycan milli komandasının üzvləri Türkiyənin Antalya şəhərində Makedoniya yığması ilə keçirilmiş yoldaşlıq oyunu barədə fikirlərini bildiriblər.

Yenicag.az 1:1 hesabıyla bitən görüşdən sonra səsləndirilən fikirlərlə sizi də tanış edir:

Kamran Ağayev: “Qələbə qazanmaq istəyirdik. Rəqibin bir neçə futbolçusu güclü klublarda çıxış etsə də, vacib olan komanda şəklində bir-birini anlamaq, başa düşməkdir. Bu oyunda hər iki qol penalti zərbəsindən vuruldu. Oyun heç-heçə başa çatsa da, üstün tərəf biz idik. Xüsusilə də, ikinci hissədə onlara real qol epizodu yaratmaq imkanı vermədik. Əvəzində biz yaxşı oynadıq, hətta hesabı artırmağa da yaxın olduq. Yoldaşlıq oyunu olsa belə, meydana ancaq qələbə qazanmaq üçün çıxmışdıq. Çünki oyunun statusundan asılı olmayaraq, ölkəmizi təmsil edirik”.

Tural Axundov: “Rəqib çox güclü komanda idi. Buna görə də güclü tərəflərini zərərsizləşdirməyə çalışdıq. Hətta buna nail olduğumuzu da deyə bilərəm. Bir neçə epizod oldu ki, hesabda önə keçə bilərdik. Bu cür çıxış etsək, yaxşı nəticələr əldə edəcəyik”.

Ürfan Abbasov: “Rəqibi yaxşı analiz etmişdik. Güclü futbolçulara malik olduqlarını bilirdik. Baş məşqçimiz Qurban Qurbanovun verdiyi tapşırıqları yerinə yetirməyə çalışdıq. Bu oyun bizim üçün yaxşı alındı. Bir neçə qol epizodu yaratsaq da, təəssüf ki, istifadə edə bilmədik. Reallaşdırsaydıq, nəticə fərqli olacaqdı”.