Milyarderin Bilgəh iqamətgahında xərclənən pullar və ortaya çıxan faktlar – FOTOLAR

Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun Bakının Bilgəh qəsəbəsində, dəniz sahilində yerləşən iqamətgahının 6 hektarlıq ərazisində yaşıllaşdırma-landşaft işləri görmək üçün sifariş alan İtaliya şirkəti “Paghera Green Service Societa Agricola S.R.L.” (qısaca “Paghera”) ətrafında qalmaqal səngimir. Bu qalmaqalı başladan tərəf-italyanlar biznesmeni müqavilə üzrə onlara çatmalı olan vəsaitin 3 milyon dollarını ödəməkdən imtina etməkdə günahlandırırdı.

Lakin sifarişçi tərəf isə italyanları “dələduzluqda və mənimsəmədə” , 1.5 milyon avro ziyan vurmaqda ittiham edib. Xəbər verdiyimiz kimi biznesmenin qanuni nümayəndəsi, italyanlarla imzalanmış 12 milyon avroluq müqavilədə sifarişçi tərəf kimi çıxış edən “Baku Caspian Real Estate Limited” MMC şirkətinin icraçı direktoru Nail Şahverdiyev haqqin.az-a müsahibəsində podratçının müqavilə şərtlərini necə pozduğu barədə ətraflı danışıb. İndi isə F.Əhmədovun iqamətgahının tikintisində iş icraçısı olan Bəhlul Bayramov redaksiyamıza müraciət edib və “Paghera” şirkətinin əslində üzərinə götürdüyü öhdəlikləri necə yarıtmaz yerinə yetirdiyi barədə yeni faktlar açıqlayıb. İş icraçısının fotofaktlarla müşaiyət olunan rəyini təqdim edirik:

-İtalyan şirkəti “Paghera”nın biznesmen Fərhad Əhmədovun Bilgəhədəki iqamətgahındakı fəaliyyəti ilə bağlı son günlər KİV-lərdə fəal müzakirələr aparılır. Təəsüf ki, “Paghera” şirkətinin nümayəndələri yalan və böhtana əsaslanan, həqiqətdən uzaq çıxışlarını davam etdirirlər. Mən bilavasitə obyektdə görülən işlərin iştirakçısı və şirkətin iki il ərzində orada göstərdiyi fəaliyyət barədə bütün məlumatlara malik olan biri kimi cənab Massimo Albertinin-“Paghera” şirkətinin direktorunun sözlərinin ədalətli olmadığını faktlarla sübuta yetirməyə çalışacam.

1. Yaşıllaşdırma və suvarma sistemləri üzrə işlər

“Baku Caspian Real Estate Limited” MMC şirkəti ilə bağlanmış müqaviləyə əsasən ərazidə 90.927 bitki və 1.6 hektar qazon əkilməliydi. Obyektə göstərilən miqdarda bitki gətirilib, amma qazon işlərinin cəmi 30 faizi görülüb.

Bitkilərin əkilməsindən bir müddət sonra bir sıra ağaclar və kollar qurudu. Quruyan ağacların və kolların miqdarına dair “Paghera” şirkətinin nümayəndələrinin iştirakı ilə 14.08.2017 və 23.06.2018 tarixlərində aktlar tərtib edildi. Həmin sənədlərdə “Paghera” şirkətinin nümayəndələrinin imzaları yer alır. Aktlarda cəmi 22 min 87 bitkinin quruduğu göstərilir.

Suvarma işləri:

Bitkilərin əkilməsinə paralel olaraq şirkət suvarma sistemləri işlərini də görürdü. Hazırda suvarma sistemində böyük çatışmamazlıqlar var. Belə ki:

-Çıxışlarda avtomatik filtrlər yoxdur;

-Ümumi təzyiq klapanı qoyulmayıb;

-Damcı-suvarma sistemində təzyiq nizamlayıcısı yoxdur;

-Texniki otaqda 500 litrlik əlavə çən qoyulub, standartlara görə isə 750-1000 litrlik olmalıydı. Çən dəyişməlidir.

2. Qış bağı (Patio 1 və 2)

Hər iki qış bağında 11 növdə ağaclar və güllər əkilməliydi Onlardan 2 növdə ağaclar ümumiyyətlə əkilməib. Daha 3 növdə bitki isə sifarişçinin razılığı olmadan əkilib və müqavilədə göstəriləndən fərqlidir.

Həmin qış bağlarında quraşdırılmış fontanlarda müqavilədəgöstərilən sutəmizləyici filtrlər faktiki olaraq yoxdur, su nasosları gətirilməyib, elektrik işləri cəmi 30 faiz yerinə yetirilib.

3.Tennis kortu

-Tennis kortu üçün müqavilədə göstərilmiş idman avadanlıqları əraziyə çatdırılmayıb;

-Avtomatik filtirasiya sistemi quraşdırılmayıb;

-Elektrik sistemi mövcud deyil.

Müqaviləyə əsasən tennis kortunun ərazisi “pod klyuç” təhvil verilməliydi, habelə kort Beynəlxalq Tennis Federasiyasının standartlarına uyğun olmalı idi, amma işlər cəmi 50 faiz yerinə yetirilib. Baxmayaraq ki, pulun 90 faizi ödənilib.

Sahilyanı şüşə balyustrada

Müqavilədə göstərilir ki, bu iş üçün Avropa standartlarına uyğun “qızdırılıb” bərkidilmiş şüşədən istifadə edilməliydi, amma onun yerində rəngi solan keyfiyyətsiz şüşə qoyulub.

5.Elektrik kabeli və şitləri

“Paghera” şirkəti elektrik kabelləri və şitləri üçün müqavilədə 607 min 394 avro göstərmidi, bu rəqəmi onunla əsaslandırmışdı ki, kabel və avadanlıqlar İtaliyadan gətiriləcək. Lakin yekunda şirkət əraziyə Azərbaycan istehsalı olan kabel gətirdi. Bu kabelin keyfiyyəti bizdə şübhə doğurmur, onun sertifikatı var və standartlara cavab verir. Burada söhbət qiymət fərqindən gedir: yəni yerli kabel üçün cəmi 57 min avro ödənilib, müqavilədə isə 607 min avrodan çox vəsait göstərilib. Bizim etirazımız kabelin keyfiyyəti ilə bağlı deyildi, iki məbləğ arasındakı fərqi geri ödəməyi tələb edirdik.

6. Şəlalə

Müqavilədə göstərilən işlərin cəmi 50 faizi yerinə yetirilib. Aşağıda göstərilən işlər ümumiyyətlə yerinə yetirilməyib:

-Filtirasiya sistemi və nasosların quraşdırılması;

-Elektrik sistemi;

-Paylayıcı şit.

7.Gəzinti yolları

Bu işin tamamilə keyfiyyətsiz görüldüyünü və yolun istismara yaramadığını tikinti materialları Elmi-Tədqiqat İnstitutu rəsmən təsdiq edib.

Bu “Paghera” şirkəti tərəfindən müqavilədə göstərilən yoldur:

Bu isə yolun faktiki vəziyyətidir:

Virtualaz.org

COP29