Bu kəndin rəsmi quruluş tarixi 1924-cü il qəbul edilir.
Kənd əhalisi bölgədəki Qarabulaq, Novçalı kimi ətraf yüksəkliklərdə, o cümlədən Qozlu dərəsi, Səlimli bulağı adlanan ərazilərdə məskunlaşan sarıəhmədli, pərzadlı, məhərli, mələkli, nəsifli, ziyadlı, xəlilli, maşadılar, namazalı, comartlı, arıxlı, bağlar, lolaşlı və digər türk əsilli, oğuzların əfşar boyundan olduğu təxmin edilən tayfalardan ibarətdir və sovet hökumətinin qurulmasından sonra daha aşağıya, dəniz səviyyəsindən 489 metr hündürlükdə yerləşən Şiştəpə təpəsinin ətrafına daşınmışlar – 6000 nəfərə yaxın kənd əhalisi Sovetlər dönəmində maldarlıq və əkinçiliklə dolansa da…
Mən bu kənd haqqında hələ 1986-da eşitmişdim. Tələbə yoldaşım vardı o kənddən. O kəndin adamlarının Rusiya və Ukrayna bazarlarında önəmli mövqedə olduqlarını da ondan eşitmişdim. Leksikonumuza müstəqillik illərində daxil olmuş “monopoliya”, sən demə, hələ o zamandan böyük şəhərlərin böyük bazarlarında mövcud imiş. Bizimkilər də elə o zamandan əsasən Rusiya və Ukrayna bazarlarında Azərbaycan meyvə-tərəvəz məhsullarının əsas idxalçıları imiş. Düzdür, o zamanlar belə məsələlər mənə az çatırdı, amma görünən o idi ki, bu kəndin adamları digərləri ilə, elə bizim özümüzlə müqayisədə daha zəngin idi.
İkinci dəfə bu kənd haqda 90-larda eşitdim. Sovetlər artıq dağılmışdı. Ölkə müharibənin içərisindəydi, əhali arasında həm iqtisadi, həm də siyasi pərişanlıq hökm sürürdü. Əli silah tutan silah dalıyça, ehtiyacı olanlar çörək dalıyça qaçırdı. O zaman da bu kəndin adamları – varlısı varıyla, kasıbı canıyla – ayaqdaydı. Silah-sursat tədarükündə az pullar da xərcləmədilər. Bizim də silah tutanlarımızdan başqa çörək dalınca gedənlərimiz vardı. Onlar bu kəndi mənə bir daha tanıtdı. Sən demə, Rusiyanın demək olar bütün meyvə-tərəvəz iqtisadiyyatı bu kəndin əlində imiş…
Bəli, söhbət Şiştəpədən və bu kəndi bütün Rusiyanın ən yüksək dairələrində belə müsbət mənada tanıdan şiştəpəlilərdən gedir. O şiştəpəlilərdən ki, onların zəhməti, bacarığı və illərlə yaratdıqları birlik sayəsində kənddə nəinki çörəksiz, imkansız adam belə qalmadı. Hamının həsəd aparacağı birlik sayəsində kəndin özünün qaydaları formalaşdı, yolları çəkildi, küçələri abadlaşdı, parklar salındı. Və ən mühümü – kəndə su çəkildi. Rusiya iqtisadiyyatına milyonlarla vergi ödəyən “Akhmed fruit company” öz hesabına kənddə məscid tikdirdi. Kənd biznesmenlərinin birgə hesabına böyük məktəb binası tikilib istifadəyə verildi.
Bu birlik hesabına demək olar ki, dolayısıyla bütün Şəmkir əhalisi iqtisadi vəziyyətini düzəldə bildi. Və bu birlik hesabına bugünün özündə belə Rusiyadan nəinki Şəmkir, digər rayonların da iqtisadiyyatına təsir edən milyardlarla valyuta daxil olur.
Rusiyada şiştəpəlilərin mövqe tutması, mənim boyasız dillə nəql etdiyim kimi, heç də asan olmayıb. Məşəqqətləri dəf edə-edə gəliblər bu günə. Olduqca çətin günlər bir-birini əvəzləyib. İllərlə kriminal şəxslər, kriminallaşmış hüquq-mühafizə orqanları ilə problemləri dəf etmək bahasına başa gəlib bu birlik. Həmin günlərdə pul, var-dövlət sonuncu yerə keçib. O ağır günlərdə bir kəndin, elin-obanın adamları olmaları köməklərinə çatıb. Sınmayıblar, təhlükələr aşılıb, yüksəliblər.
Hamının həsəd apardığı bu birlik çoxlarının karına gəldiyi kimi, təbii ki, bəzilərinə də mane olurdu. Elə buna görə də ara-sıra birliyə həmlələr edilir, sarsıtmağa çalışırdılar. Bu vəziyyət o zamanacan davam etdi ki…
…2015-ci bir qrup iş adamı – Novruz Məmmədov, Elvin Əhmədov, İsrail İbadullayev, Mübariz Məmmədov, Eldar Qasımov həbs edilir. Şəmkirin Şiştəpə kəndindən olan qrup üzvləri “qəsdən sağlamlığa ağır zərər vurma”, “adam oğurluğu”, “hədə-qorxu gəlməklə pul tələb etmə” və s. maddələrlə ittiham olunurlar. Və elə bununla da məşhur Şiştəpə birliyinin pozulmasına cəhdlər olunur. Demək olar ki, buna Piterdən olan əliçirkli hüquq-mühafizə orqanları əməkdaşları nail ola bilirlər. Belə ki, həbs olununlardan birini – Eldar Umud oğlu Qasımovu şərləyirlər, azadlığa qovuşması müqabilində isə digər həmyerlilərinin üzünə durmasını tələb edirlər. Görünən odur ki, Eldar Qasımov canını təkcə “podelniklərini” həbsə göndərməklə qurtarmır, o, həmçinin, federallarla əməkdaşlığa imza atır. Belə olmasaydı, 25 il dostluq etdiyi insanlara, həmkəndlilərinə, nəhayət, şiştəpəlilərə qarşı şərləmə kampaniyalarında iştirak etməzdi. Və bu kampaniyaya digər şiştəpəli iş adamlarını – Xəlilov qardaşlarını cəlb etməzdi…
Piterdən bir-birinin ardınca xəbərlər gəlməyə başlayır. Xəbərlər isə getdikcə tündləşir, qaralır. Gələn xəbərlərin birində Eldar Qasımovun təhriki ilə Xəlilov qardaşlarının hətta öz kirvələri Elbrus Məmmədova və digər şəmkirli iş adamı Elçin Əhmədova qarşı olduqca biabırçı hərəkətləri yer alırdı. Belə məlum olurdu ki, Xəlilov qardaşları – Veyis (Famil), Namiq və Novruz Eldar Qasımovun başçılığı ilə Sankt-Peterburqun hüquq- mühafizə orqanlarına kirvələri Elbrus Məmmədov və Elçin Əhmədovla bağlı heç bir əsası olmayan şikayətlər yazıblar.
Kimdir bu Xəlilovlar?
Xəlilovlar Şəmkirin Şiştəpə qəsəbəsindəndirlər, illərlə Sankt-Peterburqda meyvə-tərəvəz biznesi ilə məşğul olublar. 2015-ci ildə maddi vəziyyətləri qəfil pisləşib. Bundan başqa, 2015-ci ildə bir qrup iş adamı – Novruz Məmmədov, Elvin Əhmədov, İsrail İbadullayev, Mübariz Məmmədov, Eldar Qasımovun cinayət işində Xəlilov qardaşlarının da adı quldur basqınında hallanıb. Onlar bu ittihamdan yaxalarını qurtarmaq üçün hüquq-mühafizə orqanları ilə işbirliyinə gediblər. Dəstənin qalan üzvləri isə həbs cəzası alıb.
Hüquq-mühafizə orqanları ilə işbirliyinə gedən Xəlilov qardaşları kirvələri Elbrus Məmmədov və şəmkirli iş adamı Elçin Əhmədovdan şikayət etməyə razılaşıblar. Bununla da Eldar Qasımov kimi, bu qardaşlar da başlayıblar federallara “iş” verməyə. Elə həmin vaxtlarda özlərinin kirvələri Elbrus Məmmədova və şəmkirli iş adamı Elçin Əhmədova qarşı heç bir əsası olmayan iddialar, tələblər irəli sürüblər. Onlardan böyük məbləğlər tələb edib, maddi vəziyyətlərini düzəltməyə çalışıblar.
Şəxsinə qarşı edilənlərə aydinlıq gətirən Elçin Əhmədov o zaman dövrü mətbuata aşağıdakıları demişdi:
“2016-cı ilin əvvəllərində Şiştəpə ağsaqqalları böyük yığıncaq təşkil etdilər. Hörmətli adamların iştirak etdiyi yığıncağa məni də dəvət etdilər. Müzakirə başladı. Nəticədə hamı kollektiv şəkildə dedi ki, biz burada Elçinin və onun menecerinin heç bir günahını görmürük. Xəlilovların atası Qoçu görəndə ki, biz günahkar deyilik, xahiş etdi ki, oğlanlarına kömək edək. Mənim həmin kəndlə həmişə yaxşı münasibətlərim olub, hərçənd özüm Şiştəpədən deyiləm, amma həmyerliyik. Onlara 250 min dollar yardım etdim. Öz kirvələri Elbrus, hansı ki, ona böhtan atmışdılar, 200 min də o verdi. Əl sıxdılar. Bu situasiya da cinayət işində keçir”.
2018-ci ildə Xəlilov qardaşlarından biri Elçin Əhmədova yenidən şər atır. Beləcə, Rusiyada meyvə-tərəvəz tədarükçüləri sırasında öncüllərdən olan iş adamı barəsində Sankt-Peterburg İstintaq Komitəsi guya 3 il əvvəl baş verməsi iddia edilən bir cinayət işindən dolayı qiyabi qaydada cinayət işi başlayır, barəsində axtarış elan edir. Elçin Əhmədovun Rusiya Prezidentinə, Baş prokuroruna şikayətlərindən sonra məsələ Moskvada araşdırılır, barəsindəki qondarma cinayət işi ləğv olunur və ədalətli qərar verilir. Bir daha təsdiqlənir ki, Elçin Əhmədovun barəsindəki axtarış işinin əsasını təşkil edən cinayət, ümumiyyətlə, baş verməyib.
Moskvanın müdaxiləsi ilə istintaq bu qənaətə gəldikdən sonra Novruz Xəlilov Azərbaycana gəlib, daha doğrusu, Sankt-Peterburq hüquq-mühafizə orqanlarındakı bəlli şəxslər ona şəhərdən qaçmağı məsləhət görüblər. Çünki onun Moskvada aparılan istintaq çərçivəsində dindiriləcəyi gözlənilirmiş. Öz həmyerlilərini şərləməkdən çəkinməyən N.Xəlilovun isə hər şeyi açıb-tökəcəyindən Peterburq müstəntiqləri ciddi ehtiyat edib.
Məlumatlı şiştəpəlilər bildirirlər ki, Sankt-Peterburg İstintaq Komitəsi bütün çirkin niyyətlərini Şiştəpə sakini Dural Şahmalıyev vasitəsilə həyata keçirir. Demək olar ki, bu şəxs şiştəpəlilərin meyvə bazalarının bütün məlumatlarını bilir və lazım olan yerlərə də lazımi məlumatları o çatdırır. Bu işlə məşğul olan şəxslər demək olar ki, hər gün Eldar Qasımovun Sankt-Peterburqun Kupçino rayonunda yerləşən “Zeytun” restoranında toplaşır, məlumat mübadiləsi edirlər. Bir sözlə, nəinki şiştəpəlilərin, Azərbaycandan olan bir sıra iş adamlarının “torbası” elə bu restoranda tikilir. “Torbası tikilən” şəxsə də elə birinci Dural Şahmalıyev məlumat çatdırır və bəlli bir məbləğə məsələni yoluna qoya biləcəyini təklif edir. Müsbət cavab almadıqda isə işə hüquq-mühafizə orqanları “qarışır”. Nə isə…
Şiştəpəlilərlə bağlı başqa bir dəhşəli olay isə burda, Bakıda baş verir. 2016-cı ilin noyabrında keçirilən məhkəmə proseslərindən birində Şiştəpədən olan iş adamlarının ləğv edilmiş MTN-də formalaşmış mütəşəkkil qruplaşmasının hədəfinə çevrilməsi epizodu araşdırılır. Belə aydın olur ki, Rusiyanın Sankt-Peterburq şəhərinin meyvə-tərəvəz bazarının böyük hissəsinə nəzarət etmiş, Azərbaycandan bu şəhərə meyvə-tərəvəz təchizatını nəzarətdə saxlayan “Akhmed Fruit Co” şirkətinin sahibi Aydın Musayevi elə öz həmyerlilərinin əli ilə şərləyib oğurlayıblar. “Akhmed Fruit Company” şirkəti nəinki Azərbaycandan, eləcə də Avropa ölkələrindən, Afrikadan, Cənubi Amerikadan Rusiya bazarına meyvə-tərəvəz idxalı ilə məşğul olub. A.Musayev hazırda məhkəməsi gedən general Akif Çovdarov və adamlarının işi üzrə zərərçəkmiş kimi tanınmışdı. Məlum olmuşdu ki, iş adamı 2015-ci il oktyabrın 4-də Parisdən Bakıya yaxınlarını görməyə gəlib. A.Musayevi Bakı Beynəlxalq hava Limanında tutub, qollarına qandal vurub birbaşa MTN-nin binasına aparmışdılar. Çovdarovun idarəsinin işçisi, MTN mayoru Akif Əliyev uzun sürən hədə-qorxulardan sonra biznesmendən 300 min manat alıb onu sərbəst buraxmışdı. Düzdür, sonradan, Çovdarov və dəstəsi ifşa olunandan sonra Akif Əliyev həmin pulun 75 minini qaytarsa da, “Şiştəpə birliyinə” dəyən mənəvi zərbə hələ uzun illər davam edəcək. Çünki bu işdə bir yox, bir neçə şəxsdən pul tələb edilib. Bu haqda məlumatı isə Veyis (Famil) verib. Veyis (Famil) bir çox yerlərdə Akif Çovdarovun onun dayısı olduğunu deyib. Sonradan üzə çıxmışdı ki, iş adamının barəsində şikayət yazan da elə onun öz həmyerlisi olub.
Bu, şiştəpəlilərin başına Azərbaycanda açılan nə birinci, nə də sonuncu olay olmuşdu. Kənd adamlarının dediyinə görə, Xəlilov Veyis (Famil) həm də Azərbaycanın MTN-çiləri ilə əməkdaşlıq edirmiş. İndi məlum olur ki, sən demə, sabiq MTN-dəki ifşa olunan qruplaşmanın Veyisin vasitəsilə “tora salmadığı” şiştəpəli qalmayıbmış…
… Bu, əvvəlmi, ya sonmu?
Əlbəttə, bura yazdıqlarımızı kimə danışsaq, dərhal deyəcək ki, bu nağıldı. İnanmayacaqlar. Kaş elə nağıl olaydı, baş verənlər heç olmayaydı. Kaş elə nağıllardakı kimi zamanı geri çəkmək mümkün olaydı. Yenə hər şey qayıdaydı 2015-dən əvvələ. Yenə şiştəpəlilər bir-birlərinin yasına yana-yana, toyuna sevinərək gedəydilər. İndi vəziyyət o həddə çatıb ki, Sankt-Peterburqda, elə Şiştəpənin özündə bu məsələlər insanlar arasında çaxnaşmalar yaradıb. Artıq Şiştəpə sakinləri də bu insanların kimliyini bilir və Eldar Umud oğlu Qasımov, Dural Şahmalıyev, Novruz, Veyis, Namiq Xəlilov qardaşlarını toylarına çağırmırlar. Üz-üzə gəlməkdən qaçırlar. Bu gün pul qazanmaq eşqinə casusluqla məşğul olan insanlar görəsən gələcəyi düşünmürlərmi? Düşünmürlərmi ki, nəsillər dəyişəcək, amma bu ad onların balalarının, nəvələrinin, nəticələrinin başları üzərində “Demokl qılıncı” kimi əbədi asılacaq? Pula, vara, dövlətə görə bütöv bir nəslin gələcəyini necə təhlükəyə atmaq olar? Belə nəslin övladına qız verərlərmi? Belə nəsillə kim qohum olar ki! Məgər hər şey pullamı ölçülür?
Bu insanlar bir şeyi unudur: “Pul çox şeyi həll edir, amma hər şeyi həll etmir”. Bu məsələlər dərhal yoluna qoyulmazsa, gələcəkdə bir-birilərinin yasına da buraxılmayacaqlar.
Şiştəpənin bir ağsaqqala ehtiyacı var. Əgər olmazsa, bir qədər sonra şiştəpəli analar öz övladlarına nağıllarını indi mən sizə danışdığım kimi danışacaq: biri vardı, biri yoxdu, bir kənd vardı – Şiştəpə… /Avropa.info/