!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mingəçevir SES: Azərbaycan özünün ekoloji təhlükəsizliyini düşünür? - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Türkiyədə baş verən yanğınlar, əslində dövlətlərin ekoloji təhlükəsizliyə diqqət ayırmamasını çılpaqlığı ilə ortaya qoydu.

Türkiyə NATO ölkəsidir, dünyaya pilotsuz uçuş aparatı (PUA) ixrac edir, ancaq yanğınla mübarizədə o qədər də uğurlu nəticə sərgiləmir. Qardaş ölkədə yanğınsöndürmə təyyarələri və helikopterlərinin azlığı tənqid mövzusudur. Məsələ ondadır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünyanın ən güclü yanğınsöndürmə heyətinə sahib olduqlarını iddia etsə də, texniki cəhətdən eyni şeyi deyə bilmərik. Türkiyə kimi daim terror təhdidi ilə üz-üzə olan ölkənin ekoloji təhlükəsizliyə xüsusi diqqət ayırması vacib idi. Baş verənlər onu göstərir ki, Türkiyə yanğınla mübarizədə sinifdə qaldı.

Hər şeydən dərs çıxarmaq lazımdır.

Azərbaycan Türkiyəyə dəstəyə getdi, şəxsi heyət, helikopter və yanğınsöndürmə təyyarəsi göndərdi. Çox gözəl addımdır. Ancaq Azərbaycan başqa ölkəyə yardım etməklə yanaşı, özünün ekoloji təhlükəsizliyini də düşünməlidir.

Paytaxt Bakıda iki böyük yanğın olmuşdu. Bu yanğınlardan biri “Azadlıq” metrostansiyasının yanındakı çoxmərtəbəli binada, digəri isə “Diqlas” Ticarət Mərkəzində baş vermişdi. Hər ikisinə də helikopterlər cəlb edilmişdi. Məsələ ondadır ki, hər iki yanğın yerində helikopterlər yanğının baş verdiyi əraziyə yox, onun ətrafına su tökmüşdü. Yanğınsöndürənlərimizin “uğurlu işi” uzun zaman sosial şəbəkələrdə gülüş obyektinə çevrilmişdi.

Bundan əlavə, 2018-ci il iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-də qəza baş vermiş və nəticədə ölkə boyu bir çox ərazinin elektrik enerjisi ilə əlaqəsi kəsilmişdi. Bu yanğının fəsadları barədə çox yazıldığı üçün üzərindən keçirəm. Ancaq o hadisənin səbəbləri hələ də açıqlanmır. Orada belə terror aktı versiya olaraq irəli sürülmüşdü. Mingəçevirdə baş vermiş o hadisə Azərbaycanın dövlət olaraq təhlükəsizliyinə ciddi zərbə vurmuşdu. Məsuliyyətsizlik, radarların enerji kəsintisinə görə bir neçə dəqiqə işləməməsi son dərəcə ciddi problem yaratmışdı.

Mingəçevirin ekoloji təhlükəsizliklə əlaqəsi olmasa da, bunu misal çəkməyimin səbəbi var.

Müharibədən əvvəl erməni tərəfi Azərbaycanı ən çox nə ilə hədələyirdi? Məhz Mingəçevir Su Elektirik Stansiyasını vurmaqla. İş o yerə çatmışdı ki, yerindən duran, yuxusunu qarışdıran hər bir erməni rəsmisi, siyasətçisi, hərbçisi məhz Mingəçevirlə hədələyirdi. Erməni tərəfi yaxşı bilirdi, nə ilə hədələyir. Mingəçevirin vurulması ekoloji təhlükəsizliyə vurulacaq ən böyük zərbə olardı.

Bir anlıq düşünün, dəqiq zərbə endirilib. Azərbaycanın bir neçə yaşayış məntəqəsi yer üzündən silinər, daha doğrusu, su altında qalardı. Bunun fəsadlarını nəinki Azərbaycanın, heç dünyanın ən güclü ölkələrinin belə aradan qaldırmasına gücü çatmazdı.

Yeri gəlmişkən, 44 günlük müharibə zamanı erməni tərəfi bir neçə dəfə Mingəçeviri hədəfə aldı, raket zərbələri endirdi, ancaq hava hücumundan müdafiə sisteminin işləməsi və havada vurulmayıb yerə düşən raketləri nəzərə alsaq, bəxtimizin gətirməsi sayəsində böyük ekoloji problemlə qarşılaşmaqdan xilas olduq.

Azərbaycanda geniş meşə yanğınlarının olması o qədər də gözlənilən deyil. Buna görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə borcluyuq. Bu o demək deyil ki, onlar işlərini düzgün görüblər, bütün təhlükəsizlik tədbirlərinə əl atıblar. Qətiyyən! Sadəcə olaraq meşələri kəsiblər, viran qoyublar. Meşədə ağac olmayandan sonra yanğın haradan olsun ki..?

Müharibədən əvvəl də, erməni tərəfi yanğınlar vasitəsi ilə Azərbaycana təzyiqlər edirdi. Misal üçün – dəfələrlə Ergi düzündə taxıl zəmiləri yandırıcı mərmilər atılaraq yandırılmışdı. Düzdür, burada insan itkisi, meşə zolağı yanmasa da, yüzlərlə hektar taxıl zəmiləri məhv olurdu.

Ekoloji problem dedikdə təkcə yanğınları nəzərə almaq lazım deyil. Hazırda dünya şirin su problemi ilə üz-üzədir. Azərbaycanda bir neçə göl, demək olar ki, quruyub. Çaylar, bulaqlar da həmçinin. Rayonlarda artezian quyularının bir çoxu quruyub. Şirin suyun çıxma dərinliyi də artıq 10 metrə yaxın artıb. Azərbaycan dövlət olaraq bu problemlə üz-üzədir. Əslində bu problemi Rusiyadakı kimi önləmək də olardı. İki kənd arasında göl yaradıb, içini də balıqla doldurmaq yolu ilə. Həm su ehtiyatı, həm də yeyəcək ehtiyatını artırmaq olardı. Bizdə məmurlar nə etdilər? Göl yerinə özləri üçün balıq vətəgələri yaratdılar. Ondan da nə kəndə, nə kəndliyə, nə də təbiətə bir xeyir gəldi.

Azərbaycan üçün Xəzərin çirklənməsi, Kürün səviyyəsinin aşağı düşməsi, Araza atılan çirkli tullantılar, meşələrin sürətlə kiçilməsi və digər məsələlər həllini gözləyən problemlərin önündə gəlir.

Türkiyədə baş vermiş ekoloji fəlakət artıq Azərbaycan üçün bir siqnal olmalıdır. Bu, günümüzü yox, gələcəyimizi düşündürən bir məsələdir.

www.yenicag.az

856
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv