!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mingəçevirdə 3 Şəhid ailəsinin BİTMƏYƏN ÇİLƏSİ: Onların evsizlik problemini həll edən tapılacaq? – ÜRƏKDAĞLAYAN MƏNZƏRƏ / FOTOLAR

!Reklam – Yazi

İki körpəsi ilə taleyin ümidinə buraxılmış, yaşadıqlarından yorulmuş, usanmış Şəhid xanımı…

Bu gün, 16 iyun tarixində yenidən Mingəçevirimizdə, İkinci Qarabağ Savaşında 50-yə yaxın Şəhid vermiş-ölkənin dördüncü şəhərində oldum…

Yenə də İkinci Vətən Müharibəsi Şəhidlərinin, Şəhidlərimizin ailələrini ziyarət etdim, Şəhid ailələrinə baş çəkdim…

Öncə Şəhid Pərvin Həmidovun kirayədə yaşayan ailəsini, iki övladı ilə taleyin ümidinə buraxılmış Günay xanımı ziyarət etdim…
Qeyd edim ki, Günay xanım əslən Ağdamlı olsa da, Mingəçevirdə anadan olub və əslən Yevlax rayonundan olan və Mingəçevirdə yaşayan (yaşamış) Pərvin Həmidovla ailə qurub…

25 yaşlı Günay xanım həyat yoldaşı Pərvin Həmidov İkinci Vətən Müharibəsində Şəhid olduqdan sonra Mingəçevirdə yataqxanada yaşayan valideynlərinə sığınmaq məcburiyyətində qalıb iki körpə övladı-atasının adını daşıyan oğlu-balaca Pərvin və qızı Nilay ilə…

Gənc yaşlarında həyat yoldaşını, arxa-dayağını itirmiş Günay xanımın dərdinin üstünə daha bir dərd gəlib…

Belə ki, Şəhidin ailə üzvləri tərəfindən təzyiqlərə, təhqirlərə məruz qalıb, döyülüb, söyülüb, xəstəxanalıq edilib, dəfələrlə məhkəmə çəkişməsi yaşanıb, yaxın zamanlarda növbəti məhkəmə çəkişməsi olacaq…

Şəhidin ailəsi nə oğlunun həyat yoldaşına və iki körpəsinə yaxın durur, sahib çıxır, nə də ki, Günayın gəlinlik cehizini, əşyalarını geri qaytarır…

Ortada məhkəmə sənədi olsa da, təəssüflər olsun ki, aidiyyatı qurumlar, hüquq-mühafizə orqanları, məhkəmə icraçıları öz üzərlərinə düşən işləri, vəzifələri yerinə yetirmirlər…

Eyni zamanda, istər Mingəçevir Şəhər İcra Hakimiyyəti, istərsə Ağdam və Ağcabədi İcra Hakimiyyətləri körpə övladları ilə valideynləri sığınmaq, sonradan isə kirayəyə köçmək məcburiyyətində qalmış Şəhid ailəsinə, Şəhid xanımına və Şəhid balalarına nə kömək, dəstək olur, nə də onları evlə, mənzillə təmin edir…Yenə söz, “ötür-ötür” oyunu…

Onu da qeyd edim ki, yataqxanada şərait ağır olduğu üçün Şəhid xanımı iki ay öncə iki övladı və valideynləri ilə birlikdə kirayəyə köçüblər…

Ancaq çox təəssüflər olsun ki, iki aydan sonra həmin kirayə evdən də köçmək məcburiyyətindədirlər…Və artıq birdəfəlik Mingəçevirdən köçmək, Bakıda yerləşmək, kirayədə qalmaq niyyətindədirlər…
Şəhid xanımı yaşadıqlarından, başına gələnlərdən və gətirilənlərdən artıq çox bezib, çox usanıb…

Çox üzücü, çox narahatedici bir durum, mənzərə…
Artıq söz, “ötür-ötür” oyununu qurtarmaq, iki övladı ilə taleyin ümidinə buraxılmış Şəhid ailəsinə, Şəhid xanımına və iki körpə Şəhid balasına sahiblənmək, onlara Haqq etdikləri yaşayışı təmin, evlə, mənzillə təminat məsələsini həll etmək lazımdır…

İnanmaq istərdim, inanmaq istərdik ki, belə də olacaq, Şəhid ailəsinin üzü yaxın zamanlarda az da olsa, sevindiriləcək!

*

Yataqxanada 11 aylıq körpəsi ilə ömür çürüdən, 19 yaşından dul qalan Gülü…
*

İkinci üz tutduğum, ziyarət etdiyim ailə Şəhid Əli Rzayevin ailəsi, xanımı və 11 aylıq övladı oldu…

Atasını çox vaxtsız itirmiş, anası ilə yataqxanada yaşamış evin-ailənin tək oğlan övladı Əli də İkinci Vətən Müharibəsinin Şəhidlərindəndir…
2019-cu ilin noyabrın 12-də Gülü adlı 18 yaşlı qızla ailə quran Əli cəmi 11 ayın bəyi, həyat yoldaşı isə cəmi 11 ayın gəlini olub…

2020-ci ilin oktyabrında Ağdərə istiqamətində döyüşlərdə qəhrəmancasına həlak, Şəhid olması ilə Əlinin həyatı, ömrü, arzuları, xəyalları yarımçıq da qalıb…Həm də xanımı və bir körpəsi sahibsiz, kimsəsiz qalıb…
Çox təəssüflər və əfsuslar olsun ki, Əlinin Şəhidliyindən sonra Şəhid anası dul qalmış gəlinini və övladının, Şəhidinin yadigarı olan nəvəsini-Hüseyni tərk edib, bacısıgilə köçüb…

11 ayın gəlini olmuş və bir övlad anası Gülü 11 aylıq, səhhətində də problemləri olan körpəsi ilə yataqxanada, olduqca şəraitsiz, darısqal, rütubət, iy-qoxudan durmaq mümkün olmayan bir otaqda yaşayır…Buna da yaşamaq demək mümkündürsə…Sözün bitdiyi yer yenə..

…Və…Gülünün başına gələnlərlə, gətirilənlərlə, yaşadıqları, yataqxana şəraiti ilə tanış olduqca, dəhşətə gəlirdim, yerimdə sakit dayana bilmirdim…
Axı, necə də sakit, rahat dayana bilərsən, dayanmaq olar bu mənzərənin qarşısında?!…

Qeyri-mümkündür…

Və çox təəssüflər olsun ki, Mingəçevir rəhbərliyi, İcra Hakimiyyəti, o cümlədən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, YAŞAT Fondu da səhhətində problemləri olan övladı ilə tək və şəraitsiz yataqxanada ömür çürüdən Şəhid xanımına, Şəhid körpəsinə çox biganə, çox laqeyd, çox biganə yanaşır…

Ancaq quru sözlərdən və vədlərdən başqa heç nə yoxdur…Xüsusilə də, Mingəçevir İcra Hakimiyyəti Şəhid ailəsinə heç bir yardım və köməklik göstərmir…Sanki belə bir Şəhid ailəsi yoxuymuş kimi davranılır…

Və çox təəssüflər olsun ki, 8 aydan çox vaxt keçməsinə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun yerli qurumu Şəhid balasına nəzərdə tutulan müavinəti verməyi (el arasında buna “yetim pulu” da deyilir) gecikdirir, yubadır…Məsələni “bu gün-sabah” deyə-deyə uzadır…Bu gün yenə də vəd verilib ki, bir həftəyə məsələ, problem həll olunacaq…Gözləyək…

Gülünün valideynləri də qızlarının vəziyyətindən çox naratdırlar, həm qızlarının taleyi onları yandırıb-yaxır, həm də şəraitsiz, köməksiz, dəstəksiz bir durumda qalması, yaşaması, göstərilən laqeydlik, biganəlik, etinasızlıq onları çox üzür, çox incidir…

Və tezliklə qızlarının ən azı mənzil şəraitinin nəzərə alınmasını, onun növbədənkənar evlə, mənzillə təmin olunmasını istəyirlər…

Bəli, nəhayət, etinasızlığı, laqeydliyi, biganəliyi bir kənara qoyub, Şəhid ailəsinə, 19 yasından dul qalmış Şəhid xanımına və ata üzünü görməyən, gələn ay, iyulda bir yaşı tamam olacaq Şəhid balasına əl uzatmaq, vəziyyətlərini, durumlarını nəzərə almaq və üzlərini güldürmək, sevindirmək, onları evlə, mənzillə təmin etmək zamanıdır…

Mingəçevir İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, YAŞAT Fondu (o cümlədən, Mingəçevirin pullu, imkanlı insanları, iş adamları) indi növbə-konkret addım atmaq növbəsi sizindir…

Üzərinizə, öhdənizə düşənləri yerinə yetirin, biganəliyə, laqeydliyə, məsuliyyətsizliyə son qoyun, Şəhid xanımına və Şəhid balasına gərəkən, Haqq etdikləri həssas münasibəti göstərin, sərgiləyin!

Yenə inanmaq və əmin olmaq istərdim ki, belə də olacaq…Və belə də olmalıdır, Şəhid ailəsi üzüntülərdən, sıxıntılardan qurtarılmalıdır!

*

Gəlini ilə kirayədə yaşayan yaşlı Şəhid anası…

*
Gün ərzində üçüncü və sonuncü üz tutduğum ünvan isə əslən Şuşalı, özü isə Mingəçevir doğumlu İkinci Vətən Müharibəsi Şəhidi, ailənin tək oğlan övladı, 3 bacının tək qardaşı, ali təhsilli Əzəmi Hüseynovun ailəsi, bacısı Elnarə xanımgil oldu…

Qeyd edim ki, Əzəmi Hüseynov həm Mingəçevirin, həm də Şuşanın İkinci Vətən Müharibəsi Şəhidlərindəndir…

Əzəmi Hüseynov uşaqkən atasını itirib, ona və üç bacısına anaları-Məğrur və Qürurlu, çox Dəyanətli, əsl Azərbaycan-Türk xanımı olan Sayad xanım, Sayad ana həm atalıq, həm analıq edib…

Onları təkbaşına böyüdüb, boya-başa çatdırıb, Vətən üçün xeyirli övladlar kimi yetişdirib…

Əzəmi 2018-ci ilin iyunun 24-ündə ailə qurub Minayə adlı qızla…
Birinci sinifdən 11-ci sinifə kimi bir yerdə oxuyublar, ali təhsillərini də eyni universitetdə alıblar…Və sonra da həyatlarını birləşdiriblər, dünya evinə giriblər…
Ancaq çox təəssüflər olsun ki, Şəhidimizin övladı dünyaya gəlməyib…”Ata” sözünü deyə bilməyən Şəhidimiz “ata” sözünü də eşitməyib…

…Və elə bu sevdanın, Minayə-Əli sevdasının, sevgisinin nəticəsidir ki, Şəhidin xanımı Əzəminin ailəsindən, anasından ayrı yaşamaq istəmir, bunu xəyalına belə gətirmir…

…Və Şəhid xanımı Şəhid anası ilə birlikdə kirayə evdə yaşayır…

…Və yenə çox təəssüflər olsun ki, nə Mingəçevir Şəhər İcra Hakimiyyəti, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də Şuşa Şəhər İcra Hakimiyyəti bu ailənin ev-mənzil problemi ilə maraqlanır…

Yaşlı, səhhətində xeyli problemləri olan Şəhid anası və cəmi 3 ilin gəlini olmuş Şəhid xanımı hələ də kirayədə ömür çürüdür…

Şəhidin anası, həm də bacısı Elnarə xanım (eləcə də, Şəhidin digər iki bacısı) Şəhid ailəsinin nəhayət, ev, mənzil probleminin həll olunmasını istəyir və xahiş edirlər…
Bildirirlər ki, çox deyil, bir otaqlı evlə, məzillə təmin olunsalar, yenə də qanedirlər, razıdırlar…Təki, canları kirayədən, kirayə pulu ödəməkdən qurtulsun…

Şəhid ailəsi həm də Şəhidin adının, xatirəsinin əbədiləşdirilməsini, Mingəçevirin və Şuşanın küçələrindən birinə onun adını verilməsini istəyirlər…
Haqlarıdır, haqlıdırlar…Və Haqq etdiklərini də almalıdırlar!

*
Allah Pərvin, Əli və Əzəmi də daxil olmaqla, bütün Şəhidlərimizin məzarlarını nurlu, məkanlarını cənnətlik etsin!

Allah Pərvin, Əli və Əzəmi də daxil olmaqla, cəmi Şəhidlərimizin ailələrinə səbr, dözüm və qüvvət versin!

Allah Şəhid Pərvinin xanımı və iki körpəsinə, Şəhid Əlinin xanımı və 11 aylıq balasına və Şəhid Əzəminin anası və xanımına kömək olsun!

Milyon kərə Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

16.06.2021, Mingəçevir
Etikxeber.az

www.yenicag.az

694
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv