Mingəçevir şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinə görə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, mayın 24-də saat 13 radələrində Mingəçevir şəhərinin Şəfa bağlar sahəsi ərazisində Ağdam rayon sakini Z.Xudiyeva ərinə məxsus “Opel” markalı avtomobili idarə edərkən şəhər sakinləri olan 13 nəfəri (onlardan 9-u azyaşlı olub) vurub və nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Onlara ilkin tibbi yardım göstərildikdən sonra 10 nəfəri evə buraxılıb, 3 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı Mingəçevir ŞPŞ-də Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanılıb, istintaq aparılır.
***
Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb.
Mingəçevir sakini Elnarə Abdullayeva Ramazan bayramı münasibəti ilə fərdi evinin həyətində qonşulara və uşaqlara şirniyyat paylayıb.
Bu zaman həyat yoldaşının avtomobil idarə etməyi öyrətdiyi Zülfiyə adlı xanım “Opel” markalı maşının idarəetməsini itirib və avtomobil evin darvazası qarşısına toplaşan kütləyə çırpılıb.
Xəstəxanaya yerləşdirilən 13 nəfərdən 9-na ambulator yardım göstərilərək evə buraxılacaq.
Qəza nəticəsində 2 uşaq kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır. Xəsarət alan iki uşağın isə vəziyyəti orta ağırdır.
***
Mingəçevirdə “Opel” markalı avtomobil qəza törədib.
Yenicag.az xəbər verir ki, qəza Texniki Rezin Məmulatları zavodunun yaxınlığında baş verib.
Qadın sürücünün idarə etdiyi avtomobil 7-si azyaşlı olmaqla, eyni anda 10 nəfəri vurub. Yaralılar xəstəxanalara yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb./Apa/