“Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəzanın səbəblərini daha dəqiq müəyyən etmək üçün ölkənin bu sahədə aparıcı mütəxəssislərindən, o cümlədən Energetika, Fövqəladə Hallar nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Neft və Sənaye Universitetinin mütəxəssislərindən ibarət ekspert komissiyası yaradılıb. Komissiyaya rəhbərlik Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun direktoru Nazim Məmmədova tapşırılıb”.
Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycanın Baş nazirinin birinci müavini, Dövlət Komissiyasının sədri Yaqub Eyyubov ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə deyib.
Y.Eyyubov bildirib ki, komissiya işə başlayıb, bir həftə ərzində araşdırma qurtarandan sonra nəticələr dövlət başçısına məruzə ediləcək: “Cənab Prezident, icazənizlə “Azərişıq” ASC-nin elektrik təchizat sistemində baş vermiş fasilə ilə əlaqədar bir sıra dövlət müəssisələrində yaranmış vəziyyətlə bağlı aşağıdakıları məruzə etmək istərdim. Neft Şirkəti üzrə – hadisə ilə əlaqədar neft emalı zavodunda bütün qurğular dayanıb. Hazırda katalitik krekinq qurğusundan başqa digər emal qurğuları iş rejimlərində çalışır. Katalitik krekinq qurğusunun regenerator blokunda yaranmış problem isə qurğunun soyudulması və daxili hissənin yoxlanılmasından sonra dəqiq müəyyənləşdiriləcək. İlkin ehtimala görə görüləcək təmir-bərpa işləri təxminən 8-10 gün çəkəcək. Katalitik krekinq qurğusunun təmiri dövründə ölkənin avtomobil benzininə tələbatı zavodda mövcud olan 80 min tona qədər qalıq ehtiyat hesabına təmin ediləcəyi üçün təchizatla əlaqədar hər hansı bir problem gözlənilmir. Hadisə ilə əlaqədar neft və qazçıxarma idarələrində, birgə müəssisələrdə nəzərdə tutulandan təxminən 4,2 min ton neft, 1 milyon 135 min kubmetr qaz az hasil edilib. Neft Şirkətinin bütün müəssisələrində istehsalat sahələrinin normal iş rejiminə çıxarılması prosesi həyata keçirilir.
“Azərsu” üzrə – içməli su mənbələri, su emal qurğuları, su və kanalizasiya şəbəkələri sistemlərində qəza vaxtı dayanmalar olub. Əsas qurğuların mühafizəsi tədbirləri həyata keçirilib, təhlükəsizlik təmin edilib, sıradançıxmanın və subasma hallarının qarşısı alınıb. Elektrik kəsilməsindən dərhal sonra su təchizatı, kanalizasiya qurğuları və şəbəkə sistemlərinin işçi vəziyyəti yoxlanılıb, sıradan çıxmış hissələrin bərpası, magistral və şəbəkə xətlərinin qəzalı hissələrinin təmiri üçün təxirəsalınmaz tədbirlər görülüb. Anbarlardakı mövcud su ehtiyatlarından səmərəli istifadə olunması, həyati əhəmiyyətli obyektlərin dayanıqlı su təchizatının, eləcə də əhalinin minimum su təchizatının təmin olunması üçün 100-dən artıq sudaşıyan maşın cəlb edilib. Hazırda regionların su təchizatı tam təmin edilib, Bakı şəhərinin tələbatına uyğun olaraq şəbəkə sistemlərinin fasiləsiz su ilə təchizatı səviyyəsi 92-93 faizdir. Anbarlardakı su ehtiyatlarının həcmi isə 45-50 faizdir. Şəbəkə sistemlərinin hidravlik rejimlərinin pozulması nəticəsində baş vermiş qəzaların aradan qaldırılması, tələbata uyğun su təchizatı və su ehtiyatı iyulun 5-dək tam təmin ediləcək”.