Mingəçeviri su basdı, “Sukanal”ın benzini yoxdur – VİDEOREPORTAJ

Mingəçevir şəhəri Şah İsmayıl Xətai küçəsində yaşayan sakinlər susuz qalıblar.

Yenicag.az-ın əməkdaşının verdiyi məlumata görə, ötən gecə 02:00-dan etibarən binaları su ilə təmin edən borunun partalaması nəticəsində məhəllələri su basıb.

Bu azmış kimi, su binaların zirzəmisinə axaraq daha bir problem əmələ gətirir. Lakin, bu durum Sukanal İdarəsinin heç vecinə də deyil. Bina sakinləri əməkdaşımızla söhbətləri zamanı bildiriblər ki, bu kimi problemlərlə tez-tez üzləşirlər. Lakin, problemin həlli üçün aiddiyyatı qurumlar həssaslıq göstərmirlər. Bunun məntiqi nəticəsi kimi sakinlər ötən gecədən indiyədək susuz qalıblar.

Mingəçevir Sukanal İdarəsi ilə əməkdaşımız da əlaqə saxlayıb. Telefon danışığı zamanı əməkdaşımıza bildirilib ki, qəza xidmətinə məxsus maşının benzini qurtardığı üçün hadisə yerinə gec hərəkət edəcəklər. “Nəyə görə problem gecədən həll olunmayıb?” sualı isə cavabsız qalıb.

Qeyd edək ki, Mingəçevir Sukanal İdarəsinin rəhbəri Mustafa Kərimovdur. Sözügedən şəxslə bağlı mətbuatda yetərincə neqativ xəbərlərə rast gəlmək mümkündür. Onunla bağlı etirazlar daha çox Kərimovun özbaşınalığından qaynaqlanır.

Emin Səfərov, Mingəçevir

COP29