!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Minilliyin çağırışı və İKT sektorunun LABÜD İNKİŞAFI: Azərbaycan rəqəmsal dünyaya necə uyğunlaşır?

!Reklam – Yazi

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin sosial-iqtisadi həyatına dərindən nüfuz edib. Dünya təcrübəsinə görə, informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir. Hətta gələcəkdə ölkələrin rəqabət qabiliyyətinin məhz onların informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən asılı olacağı gözlənilir.

Son illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində ciddi uğurlar qazanılıb və bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilib.

Prezident İlham Əliyevin 2014-cü il aprelin 2-də təsdiqlədiyi “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” da cəmiyyətin tələbləri və qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla, ölkənin inkişafına, demokratik cəmiyyət quruculuğuna, Azərbaycanın beynəlxalq aləmə inteqrasiya olunmasına xidmət edir.

Müasir tələblər baxımından, ölkədə informasiya və kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi bütövlükdə dövlətin hərbi-siyasi və sosial-iqtisadi potensialının göstəricilərindəndir. Ölkə Prezidentinin sərəncamı ilə qəbul olunan Milli Strategiya Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsinin səmərəliliyini təmin etmək və bu prosesdə bütün maraqlı tərəflərin iştirakı üçün bərabər şərait yaratmaq məqsədilə müəyyən prinsiplər müəyyən olunub.

Bu prinsiplərə maarifləndirmə, şəffaflıq, bərabərlik, innovasiya, mərhələlilik, beynəlxalq əməkdaşlıq, millilik kimi amillər daxildir. “Birinci rəhbər” prinsipində isə dövlət idarəetmə və yerli özünüidarəetmə orqanlarının, təşkilat və müəssisələrin rəhbərləri informasiyalaşdırmanın həyata keçirilməsində maraqlıdırlar və onlar bu fəaliyyəti bilavasitə idarə edirlər. Ümumilikdə, Azərbaycan dövləti internetin cəmiyyətin və insanların həyatının ayrılmaz hissəsi olduğunu nəzərə alaraq, indiyə qədər bu istiqamətdə mühüm addımlar atıb.

Belə ki, 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin təsdiq etdiyi İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya, Prezident İlham Əliyevin 21 avqust 2004-cü ildə təsdiq etdiyi “2005-2007-ci illərdə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı”, həmçinin 22 oktyabr 2005-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və informasiya cəmiyyətinin inkişafına dair qəbul edilən sənədlər İnformasiya-Kommunikasiya Texnologiyalarının inkişafına olan diqqətin bariz nümunəsidir.

Mövcud dövrdə Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişaf etdirilməsi üçün davamlı islahatların aparıldığını görə bilərik. Bu islahatların əsas istiqamətləri isə iqtisadi tədbirlərin səmərəli həyata keçirilməsi ilə təmin olunmalıdır. Başqa sözlə, internet iqtisadiyyatı yeni istifadə və iştirak mühitlərinin yaranmasına, məhsuldarlığın artırılmasına, rəqiblər üzərində strateji üstünlüyün əldə olunmasına, tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsinə, informasiya resurslarından optimal istifadəyə və bütövlükdə, cəmiyyətin rifahının yaxşılaşdırılmasına şərait yaradır.

“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” bütün bu məqsədlərə çatmaq və nəzərdə tutulan işləri sistemli şəkildə həyata keçirmək üçün son dərəcə mühüm “yol xəritəsi” funksiyasını yetirir. Bununla yanaşı, artıq əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Elektron xidmətlər sahəsinə ən müasir nümunə kimi “ASAN xidmət”in yaradılmasını göstərə bilərik.

2012-ci ildə yaradılan mərkəzlər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindədir. Yaradılan qurumun məqsədi dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin yüksək keyfiyyətlə, rahat və müasir innovasiyaları tətbiq etməklə həyata keçirməkdir.

Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı mövcud vəziyyəti dəyərləndirən mütəxəssis Asif Rzayev Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycanda kibertəhlükəsizliyə maksimum önəm verilir və bu sahədə strategiya hazırlanır:

“İnformasiya təhlükəsizliyi günümüzün ən aktual məsələlərindən biridir. Məlumdur ki, həm ölkəmizdə, həm də bütün dünyada kiber hücumların sayı gündən-günə artır. Bununla əlaqədar Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq qayda və qanunlar hazırlanır, yenilənir.

Misal üçün “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə qanun hazırlanıb. Həmçinin bu mövzuda müxtəlif seminar və tədbirlər keçirilir. Kəskin pandemiya dövründə belə tədbirlərin həyata keçirilməsi mümkün deyildi. Ancaq bu il 29-30 noyabr tarixlərində PROSOL CJSC şirkətinin “Azərbaycan üçün daha güclü kiber ekosistem” başlığı altında tədbiri baş tutub. Bu tədbirdə 6 fərqli panel üzrə müzakirələr təşkil olunub. Tədbirə İsrail, Türkiyə, Ukrayna kimi ölkələrdən eskpertlər cəlb olunub və onlar öz təcrübələrini bölüşüblər.

Bu, Azərbaycanda özəl sektor tərəfindən təşkil edilən ilk kibertəhlükəsizlik tədbiri idi. Hazırda ölkəmizdə rəqəmsallaşma sürətlə tətbiq olunur. Ölkə əhalisinin çox hissəsi internetdən istifadə edir. Bütün bunlar Azərbaycanda kiber mühitin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını şərtləndirir. Bu istiqamətdə müvafiq addımlar atılır.

Azərbaycanın ali təhsil müəssisələrində də bu sahəyə xüsusi diqqət yetirilməyə başlayıb. Bu sahə ilə bağlı yeni ixtisaslar yaradılıb və müvafiq fənlər üzrə tədris aparılır”.

Asif Rzayev qeyd edib ki, bəhs olunan sahədə əsas problemlərdən biri kadr çatışmazlığıdır:

“Azərbaycanda bu sahədə yetişən bir çox mütəxəssislər xaricə üz tuturlar. Bu problemlər gələcəkdə də öz aktuallığını qoruyacağı üçün müəyyən tədbirlər görülməlidir. Digər problemlərdən biri də kompüter istifadəçilərinin bu sahə ilə bağlı məlumatlarının məhdudluğudur. İnformasiya təhlükəsizliyinin ən zəif halqası insandır. Bununla bağlı maarifləndirici tədbirlərin təşkilinə ehtiyac var.

Beynəlxalq standartlara uyğun olaraq ölkədə müasir tələblərə cavab verən informasiya texnologiyaları infrastrukturunun qurulması və bank sektorunda rəqəmsal xidmətlərin genişləndirilməsi, məlumat mübadiləsində informasiya təhlükəsizliyinin təmin edilməsi, informasiya resurslarının kiber təhdidlərdən qorunması, kibertəhlükəsizlik üzrə ümumi hazırlıq səviyyəsinin yüksəldilməsi və bu sahədə müntəzəm maarifləndirmə işlərinin aparılması vacibdir”.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

624
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv