Minlərlə ailəni sevindirən əfv qərarı: “Bu, humanizm və mərhəmət aktıdır”

“Aktla bağlı mövcud olan 4 aylıq müddətin azaldılması daha məqsədəuyğun olardı”.

Bu sözləri 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan olunmasını dəyərləndirən politoloq Yeganə Hacıyeva Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, amnistiyanın elan edilməsi hüquq-mühafizə və penitensiar sistemlərdə islahatların mürəkkəbliyi, eləcə də sosial-hüquqi proseslərin perspektivləri nəzərə alınmaqla sosial cəhətdən əsaslandırılmış akt kimi nəzərdə tutulur:

“Azərbaycanda amnistiya və əfv fərmanlarının verilməsi ənənəsinin müstəqilliyin ikinci dəfə bərpasının ilk illərindən, yəni 1995-ci ildən başlayır. Zəfər Günü münasibətilə elan olunmuş amnistiya Azərbaycan dövlətçiliyinin tarixi ənənələrinə əsaslanır və yekun məqsəd kimi dövlət hakimiyyətinin nüfuzunun güclənməsinə xidmət edəcək. Hüquqi cəhətdən ictimai əhəmiyyətə malik amnistiyanın elan edilməsi dövlət hakimiyyətinin konstitusiya səlahiyyətlərini həyata keçirən humanizm və mərhəmət aktıdır. Ölkə başçısının Zəfər Günü münasibətilə elan etdiyi amnistiya aktı həm də barışıq və mərhəmət aktı kimi cəmiyyətin monolitlik aspektlərinin güclənməsinə xidmət edəcək.

Azərbaycan cəmiyyəti özünəməxsus dəyərlərin birləşdirdiyi, tarixdə imperiyaların təqib və təzyiqinə məruz qalmış bir cəmiyyətdir. Sirr deyil ki, Azərbaycan cəmiyyəti məhbusları xüsusi həssas qrup hesab edir. Bəzən kriminal elementlərin daşıyıcısı olan şəxslərə rəğbət münasibəti də görürük. Bunun izahını Azərbaycan xalqının şüuraltı vərdişlərində axtarmaq lazımdır. Belə ki, əsrlərlə müxtəlif imperiyaların tərkibində yaşamış cəmiyyətin nəinki milli-azadlıq, hətta kiçik sosial-məişət qayğılarının həllində təşəbbüskar olan şəxslərin tarixən təqib olunması cəmiyyətin şüuraltında dərin izlər buraxıb”.

Konstitusiya və milli qanunvericiliyin şərtlərins əsaslanan bu amnistiyada bütün maraqlı tərəflərin hüquqlarını əhatə olunmasının vacibliyini qeyd edən Yeganə Hacıyeva bildirib ki, cinayət hüququ münasibətləri sferasına toxunanda amnistiyaya daha çox konstitusiya institutu kimi baxmaq lazımdır:

“Məsələn, amnistiya aktının əfvlərdən bir dəfə yararlanaraq azadlığa çıxmış, sonradan isə cinayət törədib yenidən həbs olunmuş şəxslərə şamil edilməməsi vacibdir. Digər tərəfdən amnistiya aktının həyata keçirilmə müddəti nəzərə alınmalıdır. Aktla bağlı mövcud olan 4 aylıq müddətin azaldılması daha məqsədəuyğun olardı. Bu amnistiya tammiqyaslı xarakter daşıyır, daha çox humanizm və cinayət törətmiş şəxslərin bağışlanması ideyasına əsaslanır. Əsas məqsədə sosial ədalətin bərpası, cinayətkarlığın qarşısının alınması, cinayətkarın islah olunması və cəmiyyətə inteqrasiyası kimi amillər daxildir”.

Gülşən Şərif