!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Minomyot, pulemyot başımızın üstündən yağış kimi yağırdı - Tağızadə Şamxalın hekayəsi - FOTOLAR

!Reklam – Yazi

Sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib torpaqlarımızın düşmən işğalından azad olunmasında xüsusi şücaəti ilə fərqlənən hərbçilərimiz hər birimizin diqqət və marağındadır. İstər şəhidlərimiz, istər qazilərimiz, istərsə də alnına bu döyüşlərdən sağ-salamat çıxmaq yazılan igidlərimiz göstərdikləri qəhrəmanlıqlarla bundan sonra da dillərdə dastan olacaqlar. Belə qəhrəmanlarımızdan biri də tankçı gizir Şamxal Tağızadədir.

Ş.Tağızadə Vətən müharibəsində Talış və Çaylı kəndlərinin, eyni zamanda Suqovuşan (köhnə adı Madagiz) ərazisinin düşmən işğalından azad olunması əməliyyatlarında fəal iştirak edib. Gizir Tağızadənin döyüş yolunda ən yaddaqalan epizod Suqovuşanda şiddətli döyüşlər zamanı baş verib.

Qəhrəman qazimiz döyüşləri belə təsvir edir:

“Gördüm tankı vururlar. Kəşfiyyatçılar da dedi ki, təcili çıx, yoxsa vuracaqlar. Tez qərar qəbul etmək lazım idi. Rabitədə mexaniki çağırdım və göstəriş verdim ki, yerdəyişmə edək. Çünki yer təhlükəli idi. Bildirdim ki, cəld çıxıb mənim yerimə keçsin, mən də onun yerinə. Yer əlverişsiz olduğu üçün mexanikin sürə bilməyəcəyini bilirdim. Minomyot, pulemyot başımızın üstündən yağış kimi yağırdı. Yerimdən cəld çıxdım. Mexanik də çıxdı və yerimizi dəyişdik. Tankı sürüb təpənin başına çətinliklə çıxartdım. Yenidən tuşlayıcını və mexaniki rabitədə çağırdım və onlara bildirdim ki, bu gördükləriniz həqiqətdir. Heç nədən qorxmayın, torpaqlarımızı azad edirik, mən burdayam, biz hərəkət etsək hər şey yaxşı olacaq. Növbəti əmri verdim ki, mən çıxıram, mexanik öz yerinə, tuşlayıcı isə mənim yerimə keçsin. “Erməniləri havaya sovuracam, cəld olun” – deyib bağırdım, yerlərimizi dəyişdik, mən oturdum tuşlayıcı yerində. Topdan atmağa başladım. Ermənilərin heç avtomat atmağa belə adamları qalmadı. Gözümün qabağında parçaları göydən yerə yağırdı. Oranı təmizlədik və gözlədim, bizimkilər gəldilər. Sonra mexanikə əmr verdim ki, ikinci ötürmə ilə sür, diqqətin də məndə olsun. Öz yerimə keçdim ki, hər şeyi aydın görə bilim. Tuşlayıcıya əmr verdim ki, topu doldur, hazır ol, hər an hər yerdən hücum ola bilər. Lazım gələrsə avtomatla da döyüşəcəyik, şəhid qardaşlarımızın qisasını alacağıq. Artıq gecə düşmüşdü, mexanik sürürdü və bizim 1 tankımızı vurmuşdular. Həmin tankın komandirini də götürdüm. Sonra gecədən səhərə kimi heç kimə yatmağa icazə vermədim. Səhər açıldı, saat 6, ya 7 olardı bizimkilər gəldilər. Tək

qalmışdıq, sevindik ki, kömək göndəriblər. Hazırlaşdıq, atılan mərmiləri yüklədik və 7 saata düşmənin 4 postunu alaraq erməniləri məhv etdik”.

Gizir Tağızadə öz ekipajı ilə düşməndən alınan postu 24 saat saxlayıb və Azərbaycan ordusu posta daxil olandan sonra tankına geri dönüb. Tanka çatarkən düşmənin atdığı minamyot mərmisi yanlarına düşüb. Minamyot mərmisinin səsini eşidən gizirimiz öz ekipajını qucaqlayaraq yerə yıxılıb və nəticədə sağ qolundan, belindən, sol ayağından çoxsaylı kor qəlpə yarası alıb. Şükürlər olsun ki, həkimlərimiz gizir Tağızadəni həyata qaytara bilib.

Torpaqlarımızın işğaldan azad olunmasında xüsusi şücaət göstərən igid hərbçimiz döyüşdüyü müddətdə 100-dən çox erməni hərbçisini və texnikasını məhv edib. Tağızadə Şamxal Qəzənfər oğlu müharibədə göstərdiyi igidliyə görə “Albert Aqarunov” mükafatına layiq görülüb. Mükafat elə döyüşlər davam edən zaman Ağdam rayonunda ona təqdim edilib. Təltifetmə üçün hospitaldan hərbi hissəyə gətirilən gizirimiz mükafatını qəbul edib.

Hospitalda yaralı olduğu zaman öz istəyi ilə yenidən döyüşə qayıtmaq istəsə də, icazə verilməyib. Lakin müalicə müddəti başa çatdıqdan sonra o, yenidən xidmətə yollanıb. Qəlpələrin hələ də bədənində qalmasına baxmayaraq, igid hərbçimiz iş başındadır və xidmətinə davam edir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Tağızadə Şamxal Qəzənfər oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib!

Tağızadə Şamxal 1988-ci ilin 9 sentyabr tarixində Bərdə rayonunda anadan olub. 2006-2008-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmət müddətinin bir hissəsini İraqda keçib. 2014-cü ildən isə Müdafiə Nazirliyində müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.

2016-cı il aprel döyüşləri zamanı Ağdam-Tərtər istiqamətində gedən döyüşlərdə ön cəbhədə düşmənə qarşı vuruşub. Aprel döyüşlərindəki şücaətinə görə 2017-ci ilin yanvar ayında gizir hərbi rütbəsi alıb. İstər 2016, istərsə də 2020-ci il döyüşlərində misilsiz qəhrəmanlıq göstərən qazimizlə fəxr edir, tezliklə tam sağlamlığına qovuşmasını arzulayırıq.

Onu da qeyd edək ki, Tağızadə Şamxal Vətən müharibəsində Cəbrayıl uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan gizir Tağızadə Cahidin dayısı oğludur.

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv