!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Minsk qrupunu regional bir format əvəzləyə bilər

!Reklam – Yazi

Ermənistan KİV-ləri Rusiyanın Tehrandakı səfiri Levan Caqaryana istinadən bildiriblər ki, İran prezidenti Həsən Ruhani bu ilin martında Moskvaya səfəri zamanı həmkarı Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcəklər.

Qeyd edək ki, hazırda bu proseslə ABŞ, Fransa və Rusiya üçlüyündən ibarət ATƏT-in Minsk qrupu məşğuldur. İran isə vasitəçi qismində çıxış etməyə bir neçə dəfə cəhd etsə də, onun bu istəyi alınmayıb. İndi isə Suriya məsələsində eyni mövqedən çıxış edən Moskva ilə Tehran Qarabağ məsələsini də müzakirə etməyə başlayıblar.

Görəsən, İranla Rusiyanın Qarabağ problemini müzakirəyə çıxartmaları nədən qaynaqlanır? Tərəflər bununla nəyə nail olmaq istəyirlər?

Politoloq Natiq Miri Yeniçağ.az-a açıqlamasında bildirdi ki, İran prezidentinin Moskvaya səfəri çərçivəsində Qarabağ probleminin də müzakirə olunacağı bu problemin Minsk qrupunun “əlindən” alınıb, regional format çərçivəsinə çıxartmağa hesablanmış addım kimi də dəyərləndirmək olar:

“Blirsiniz ki, Suriyada Türkiyə, Rusiya və İrandan ibarət yeni bir regional format dövriyyəyə daxil olandan sonra bu ölkədə atəşkəs elan edildi və onun mexanizmləri də yaradıldı. Bu üçlük formatı da artıq Qazaxıstanın paytaxtı Astanada ikinci dəfədir ki, görüşə toplaşıblar. Suriyada sülh prosesini başlatmaq üçün konkret atəşkəs təmin olunmalı idi. Bu atəşkəsin qarantı olan dövlətlər də Türkiyə, Rusiya və İrandır.

Həmin formatın hələlik işlək ola bilməsi artıq belə bir fikir yaradıb ki, regionda digər qlobal güclərin müdaxiləsi olmadan da münaqişələri çözmək mümkündür və İran da bu istiqamətdə konkret olaraq fəaliyyətə keçib. Ermənistan rəsmiləri müdafiə naziri, prezident və baş nazir səviyyəsində İrana dalbadal səfərlər etdilər. Bu faktın özü də göstərir ki, İran artıq Qarabağ münaqişəsilə bağlı olaraq, konkret fəaliyyətə keçib. Ruhaninin Moskva səfərində Dağlıq Qarabağ probleminin müzakirə predmetinə çevrilməsi də gözləniləndir. Bu fonda istisna deyil ki, gələcəkdə qonşu Türkiyə, Rusiya və İran Qarabağ münaqişəsini də məhz regional format çərçivəsində həll etməyi düşünürlər. Burada onların problemi birgə həll etmək istəyindən söhbət gedir. Rusiyanın Ermənistana təsiri birmənalıdır. Lakin İranın da işğalçı ölkəyə ciddi təsir imkanları var. Yəni Ermənistan Rusiyadan nə qədər asılıdırsa, bir o qədər də İrandan asılılığı var. Bu faktların özü də göstərir ki, gələcəkdə ATƏT-in Minsk qrupu həll prosesində ciddi iş ortaya qoymayacaqsa, artıq regional faktor dövriyyəyə daxil olacaq. Belədə Suriya kimi Dağlıq Qarabağ problemi də məhz regional format çərçivəsində həllini tapar. Görünür bu amilin özü də Ruhaninin Moskvada müzakirə edəcəyi məsələlər sırasına Dağlıq Qarabağın da daxil edilməsinə təsir edib. Amma hər şeyə Rusiya ABŞ münasibətləri kontekstində baxmaq lazımdır. Bundan sonra Tramp Rusiya ilə Suriya və Ukrayna məsələsində razılaşa biləcəksə, bu kontekstdə digər münaqişələrin həlli də mümkün olacaq. Regional format olan Türkiyə, Rusiya və İran formatına da yalnız və yalnız Vaşinqton-Moskva münasibətlərindən sonra doğru qiymət vermək mümkündür. Uzlaşma yaranarsa, əmin olun ki, onun postsovet məkanındakı münaqişələrə də ciddi təsiri olacaq. Bu olmayacaqsa, onda Minsk qrupu formatını Ankara, Moskva və Tehran üçlüyündən ibarət regional format əvəzləyəcək”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

776
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv