“MiQ-29” “qəza”sında Rusiya izi: Hərbi təyyarəmiz “şimal”dan lazer silahı ilə vurulub?

İyulun 24-də axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 hərbi təyyarəsinin qəzaya uğraması və faciənin səbəbləri ətrafında müzakirələr səngimir. Qırıcını idarə edən polkovnik-leytenant Rəşad Atakişiyevin ölkənin ən təcrübəli pilotlarından biri olması isə rəsmən elan edilmiş qəza versiyası ətrafında ciddi müəmmalar yaratdı.

Mövzuya dair fikir bildirənlər –istər peşəkarlar, istərsə də diletantlar – qəzanın səbəblərinə yönəlik öz ehtimallarını irəli sürməyə başladılar. Onlardan bəziləri qəzanın səbəbi olaraq, pilotun səhhətini, digərləri isə təyyarənin nasazlığını önə çəkdikləri halda, hərbi ekspert Üzeyir Cəfərov kifayət qədər maraqlı mülahizəsi ilə diqqət mərkəzinə gəldi.

Cəfərov bildirdi ki, Azərbaycan qırıcısı Xəzər dənizi üzərində təlim uçuşları həyata keçirərkən, Rusiya Cənub Hərbi Dairəsinin Radio-Elektron Qoşunlarına məxsus ən müasir cihazların təsirinə məruz qala bilərdi. Rusiyanın malik olduğu “Krassuxa-4”, “Leyer-3” və digər yeni avadanlıqlar təyyarələrə 300-600 kilometr məsafədən təsir etmək imkanlarına malikdir. Bu avadanlıqların funksiyası qarşı tərəfin radio-elektron qurğularının sistemini pozmaq, onların dəqiq iş mexanizmini sıradan çıxarmaqdan ibarətdir. Başqa sözlə, o cihazlar hərbi təyyarələrin idarəetmə panelinə müdaxilə etmək imkanlarına malikdir. Lakin Üzeyir Cəfərovun irəli sürdüyü bu ehtimal birmənalı qarşılanmadı və hərbi ekspert müəyyən tənqidlərlə də üzləşdi. Bununla belə, pilot Rəşad Atakişiyevin çox təcrübəli olması və katapult etməməsi ortadakı cavabsız sualların sayını xeyli artırıb. Digər tərəfdən iddia edildi ki, Azərbaycan HHQ komandanlığı pilotlara katapultdan istifadəni qadağan edib və onlara nəyin bahasına olursa-olsun, təyyarəni xilas etmək tapşırığı verilib. Ancaq iddia da öz təsdiqini tapmadı. Gedən müzakirələrin fonunda diqqəti cəlb edən məqamlardan biri də Müdafiə Nazirliyinin ehtiyatlı və təmkinli tövrünü pozmaması oldu.

Lakin bu susqunluq qəza ətrafında yaranmış müəmmanın daha da böyüməsinə səbəb oldu. “MiQ-29”-un qəzası ilə bağlı dövriyyəyə buraxılan yeni iddia isə son dərəcə ilgincdir. Bu iddiada hərbi təyyarəmizin qəzaya uğramaq ehtimalı rədd edilir və “MiQ-29”-un Rusiya tərəfindən ən müasir lazer silahı ilə vurulduğu bildirilir. Bu ehtimalla bağlı söhbət etdiyimiz bəzi ekspertlər “MiQ-29”-un vurulmasını Rusiyanın öz yeni lazer silahını sınaqdan keçirməsinə yönəlik “test atışı” olduğunu da istisna etməyiblər.

Məsələ ondadır ki, qəzaya uğradığı bildirilən təyyarənin fraqmentlərinin yayılma radiusunun 1 kilometrdən çox olması qırıcının havada vurularaq, dənizə düşdüyü qənaətini gücləndirir. Doğrudur, təyyarənin düşmə bucağına görə parçalanması və qalıqlarının geniş əraziyə dağılması da mümkün hesab olunur. “MiQ-29”-un vurulması versiyasını dəyərləndirən ekspertlər bildirirlər ki, həmin lazer silahı ilə vurulma zamanı heç bir “iz” qalmır.

Yeri gəlmişkən, Rusiya prezidenti Viladimer Putin ötən ilin martında Dövlət Dumasında çıxışı zamanı bildirmişdi ki, Rusiya yeni nəsil ən müasir silahlar istehsal etməkdədir. Onun nəzərdə tutduğu silahlar sırasında lazer tipli silahlar da var. Putin açıqlamasında qeyd etmişdi ki, həmin silahlar artıq Rusiya ordusunun arsenalına verilib: “Bu məsələnin detallarına varmaq istəmirəm. Uyğun zaman deyil. Ancaq mütəxəssislər araşdıranda görəcəklər ki, Rusiyanın müdafiə potensialı artmaqdadır”.

Bununla belə, bütün gücləndirici nüanslara baxmayaraq, vurğulanan mülahizənin “yeganə həqiqət” olduğunu iddia etmirik. Rəsmilərin dediyi kimi “qara qutu” oxunduqdan sonra hər şey ortaya çıxacaq. Yəqin ki, çıxacaq.

Səxavət Məmməd