“Miqalkalı”, “peredoklu” və nömrəsiz “Tofaş” sürücüsü SAXLANILDI – VİDEO

Bakıda müxtəlif üsullarla qayda pozan sürücü yol polisləri tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub. Belə ki, iyunun 5-i gecə saatlarında paytaxtın Səməd Vurğun, Həzi Aslanov küçələrinin kəşisməsində arxa qeydiyyat nişanı olmadan və qarşı tərəfi qaldırılmış vəziyyətdə hərəkət edən 99-OS-084 qeydiyyat nişanlı “Tofaş” markalı avtomobilin sürücüsü yol polisləri tərəfindən saxlanılıb. Sürücü saxlanılarkən avtomobildə başqa qayda pozuntuları da aşkar edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, yol polisi əməkdaşları tərəfindən saxlanılan zaman avtomobilin ön tərəfində sayrışan işıqların olması da aşkar edilib: “Sözsüz ki, qanunvericiliyin tələblərinə uyğun şəkildə sürücü barəsində tədbir görülüb. Yəni nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılıb və mühafizə olunan duracağa yerləşdirilib, həmçinin sürücü barəsində protokol tərtib olunub. Təbii ki, sürücünün həmin yerdə açıq-aşkar şou göstərməsi başadüşüləndir. Onu da demək kifayətdir ki, sürücü tərəfindən ödənilməyən beş cərimənin də olması müəyyənləşdirilib. Sükan arxasında olan sürücü Rauf Sultanov özünə bəraət qazandırmaq üçün istifadəsində olan telefonla lüzumsuz çəkiliş apararaq Facebook səhifəsində canlı paylaşım edib və elə burada yol polisinin ünvanına xoşagəlməz ifadələr işlədib. O, törətdiyi əməli ört-basdır etmək, məsuliyyətdən yayınmaq üçün I qrup əlil və media işçisi olduğunu bildirib və digər fikirləri ortaya atmaqla insanların diqqətini cəlb etməyə çalışıb. Rauf Sultanov məsuliyyətdən yaxa qurtarmaq istəsə də, yol polisi əməkdaşları həmin avtomobili cərimə meydançasına yerləşdiriblər. Müayinə zamanı avtomobilin dövlət nömrə nişanlarından birinin, şüşə silgəclərinin yerində olmadığı aşkarlanıb”.

Vaqif Əsədov bildirir ki, sürücü qanunvericiliyin tələblərinə uyğun şəkildə məsuliyyətə cəlb edilib və hal-hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bu sürücünün Yasamal rayonu ərazisində əks istiqamətə çıxaraq parklanma qaydasını pozması bir müddət əvvəl Avtosfer.az saytında dərc edilib.