Miqyası böyüyən mobil nömrə DƏLƏDUZLUĞU: “Araşdırmanın nəticələri məlum olduqdan sonra…”

“Dələduzluq faktı öz təsdiqini taparsa, satıcını, yaxud nömrələri dövriyyəyə buraxan şəxsi məsuliyyətə cəlb etmək mümkündür”.

Bu fikirləri bir çox vətəndaşın mobil telefonuna xarici ölkə operatorlarının nömrələrindən davamlı zəng edilməsi və istifadə olunan mobil nömrələrin xarici serverlərə satılması ilə bağlı şikayətlərə aydınlıq gətirən informasiya texnologiyaları üzrə ekspert Fərrux Rəcəbli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, texnologiya dövrü mütərəqqi tərəfləri ilə yanaşı, özündə bir sıra təhlükəli məqamları da ehtiva edir:

“Hazırda bir çoxunun şikayətləndiyi və gündəmi zəbt edən mövzulardan biri ya bəzi abunəçilərə xarici nömrələrdən, ya da yerli şəbəkələrdən davamlı zənglərin edilməsidir. Bu hal spufinq, yəni nömrənin eynisinin virtual olaraq əldə edilməsi adlanır.

Əvvəllər xüsusi internet proqramları vasitəsilə bu üsula əl atılırdı. Lakin hazırda mobil nömrə satışında da bu cür hallarla qarşılaşmaq mümkündür. Mobil nömrələr rəsmi dilerdən alındıqda, heç bir şübhə yaranmır, çünki qeyd etdiyimiz kimi, sənədləşmə qaydalara uyğun aparılır.

Ancaq mobil operatorlara aid olmayan satış məntəqələrindən alınan nömrələrlə bağlı şübhə doğuran məqamlarla qarşılaşmaq istisna deyil. Bir çoxunun yaşadığı problemlərdən biri məhz nömrənin qeydiyyatı ilə bağlıdır. Məsələn, hər hansı vətəndaş şəxsiyyət vəsiqəsi ilə nömrə alır, müəyyən müddət istifadə edir, sonradan isə nömrənin onun deyil, başqa şəxsin adına olduğu üzə çıxır.

Nömrələrin xarici serverlərə satılmasına dair iddialar da əsassız deyil. Bu tendensiya kütləvi hal alarsa, müvafiq araşdırmanın başladılması üçün müraciət edilməlidir. Yalnız araşdırmanın nəticələri məlum olduqdan sonra satıcının, yoxsa nömrələri həmin satış məntəqəsinə təqdim edən şəxsin məsuliyyət daşıdığı müəyyənləşə bilər.

Nəticə olaraq, dələduzluq faktı öz təsdiqini taparsa, satıcını, yaxud nömrələri dövriyyəyə buraxan şəxsi məsuliyyətə cəlb etmək mümkündür. Belə mənfi halların geniş vüsət almaması üçün vaxtında zəruri tədbirlərin görülməsi vacibdir”.

Nəsimi Ələsgərli

COP29