“Azərbaycanda Stalin repressiyalarının qurbanlarına hələ də abidə qoyulmayıb”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin oktyabrın 30-da keçirilmiş iclasındakı çıxışında Stalin repressiyalarının qurbanı olmuş insanların xatirəsinin əbədiləşdirilməsinin zəruriliyindən danışan millət vəkili Fazil Mustafa deyib.
Fazil Mustafanın sözlərinə görə, 1937-38-ci il repressiyalarının qurbanı olmuş tanınmış şəxsiyyətlərin cəsədlərinin qalıqlarının dövlət hesabına DNT analizi aparılmalıdır:
“Bir müddət əvvəl belə məlumatlar yayıldı ki, Mircəfər Bağırovun cəsədinin qalıqları aşkarlanıb və xaricdə aparılmış DNT analizi nəticəsində həmin cəsədin ona məxsus olduğu təsdiqlənib. Bundan sonra Mircəfər Bağırovun cəsədlərinin qalıqları dəfn edilib.
Bildiyimiz qədər, bu işlərin həyata keçirilməsində Mircəfər Bağırovun qohumu olan keçmiş ekologiya naziri Hüseynqulu Bağırovun ciddi dəstəyi olub.
Son günlər Stalin repressiyalarının qurbanı olmuş bəzi tarixi şəxsiyyətlərin, konkret olaraq Mikayıl Müşfiqin cəsədinin qalıqlarının aşkar edildiyi barədə xəbərlər yayılır. Amma onun cəsədinin qalıqları üzərində DNT analizi aparılmır. İndi Mircəfər Bağırovun bu işləri görən imkanlı qohumları varsa, bəs onda Mikayıl Müşfiq neyləsin? Hesab edirəm ki, cəsədləri tapılan respressiya qurbanlarının şəxsiyyətini müəyyən etmək üçün dövlət hesabına DNT analizi aparılmalıdır.
Digər tərəfdən onu da qeyd etməliyik ki, Azərbaycanda Stalin repressiyalarının qurbanlarına hələ də abidə qoyulmayıb. Fikrimcə, keçmiş “26-lar”, indiki “Sahil” bağında Stalin repressiyaları qurbanlarının xatirəsinə abidə ucaldıla bilər”.
A.Zeynalov