Mircəlil Qasımlı Kəlbəcərdə seçicilərlə görüşdü – FOTO

123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 14 avqust 2024-cü il tarixində Ağdam rayonun Dördyol-1 qəsəbədə fəaliyyət göstərən mədəniyyət evinin akt zalında Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirib.

Əvvəlcə, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Deputatlığa namizəd Qasımlı Mircəlilin səlahiyyətli nümayəndəsi Samir Sarıyev Fərhad oğlu çıxış edərək namizədin seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi.

Deputatlığa namizəd Qasımlı Mircəlil çıxış edərək bildirdi ki, 30 ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Kəlbəcər bu gün özünün yeni dövrünə qədəm qoyub. Şanlı ordumuzun düşmən üzərində qazandığı tarixi zəfər nəticəsində azadlığına qovuşmuş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də həyat yenidən başlayır. Kəlbəcərə ilk səfəri zamanı dövlət başçısının Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11,6 kilometrlik tunelin təməlini qoyması, tamamilə yenidən qurulan Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası ilə tanış olması, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etməsi, uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoyması bir daha Kəlbəcərin cənnət guşəyə çevriləcəyindən xəbər verir və regional layihələrin həyata keçirilməsində dövlətimizin iradəsini nümayiş etdirir. Kəlbəcərin bərpası insanların buraya qayıdışı, sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar açacaq.

Əziz seçicilərim, inanıram ki, 1 sentyabrda seçki məntəqələrinə gedərək mənə öz səsinizi verəcəksiniz və Sizin mənə göstərdiyiniz etimadı ləyaqətlə doğruldacam. Sizinlə birlikdə Kəlbəcərimizin yenidən qurulmasında və inkişafı naminə çalışacam.

Görüşdə iştirak edən seçicilər 1 sentyabrda Milli Məclisə seçkilərdə namizəd Mircəlil Qasımlıya səs verəcəklərini bildirdilər.

Deputatlığa namizəd Mircəlil Qasımlı həmçinin Tərtər rayonunun Şıxarx qəsəbəsində Vətən müharibəsi Şəhidi Müdafiə Nazirliyi Quru Qoşunların hərbi qulluqçusu, çavuş Məmmədov Elşən Dağıstan oğlunun ailəsini ziyarət ediblər. Şəhidin ailə üzvləri ilə həmsöhbət olub və onların qayğıları ilə maraqlanıblar. Ziyarət zamanı Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs olunub. Namizəd Mircəlil Qasımlı çıxışında bildirdi ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbə dünya və regional siyasətdə dövlətimizin gücünü və nüfuzunu daha da artırdı. Bu Qələbə Azərbaycan Ordusunun gücü, rəşadəti, Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşən xalq birliyinin təzahürüdür.

Şəhidin ailə üzvləri onlara göstərilən qayğıya görə Möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən Elşən Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

COP29