“Növbədənkənar parlament seçkilərinin təyin edilməsi heç kəsi təəccübləndirməyəcək”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında müxalifətdaxili inteqrasiya prosesini dəyərləndirən Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.
Mirmahmud Mirəlioğlunun sözlərinə görə, bəzi nüanslar müxalifət qüvvələrinin bir araya gəlmələrinə mane olur:
“Seçkilərdən sonra bizim partiyanın da təmsil olunduğu Əməkdaşlıq Mərkəzinə üzv təşkilatlar arasında müzakirələr davam etdirilir. Məsləhətləşmələrin elə bir mərhələsidir ki, konkret nəticə haqqında danışmaq hələlik çətindir.
Bəzi nüanslar var ki, danışıqların daha sürətlə aparılmasına və nəticə əldə olunmasına imkan vermir. Ancaq bəhs etdiyim əməkdaşlıq təşəbbüsünün müəllifi biz olmadığımız üçün o məqamlara toxunmağa ehtiyac görmürəm. Hər halda, yekun nəticə barəsində məlumat açıqlanacaq.
Prezident seçkilərinin növbədənkənar qaydada keçirilməsi də göstərir ki, parlament seçkilərinin vaxtından əvvəl təyin olnması ehtimalı yüksəkdir. Belə bir qərar verilərsə, bu, heç kəsi təəccübləndirməyəcək.
O zaman cəmiyyətin, həmçinin müxalifət qüvvələrinin hansı durumda olacağını zaman göstərəcək”.
A.Zeynalov