Britaniyalı aktyor, daha çox “Mister Bin” obrazı ilə tanınan Rouen Atkinson bahalı avtomobillər kolleksiyasından olan McLaren F1 GTR-i satışa çıxarıb.
Yenicag.az xəbər verir ki, avtomobilin ilkin satış qiyməti 12 milyon dollardır (təxminən 9 milyon 400 min manat). “McLaren F1 GTR” modelinin maksimal sürəti 380 km/saatdır. 10 illik istismar zamanı avtomobil təqribən 41 min kilometr qət edib. R.Atkinson bu maşından alış-verişə yollanmaq və övladlarını məktəbə aparmaq üçün istifadə edib.
Aktyor bu maşının sükanı arxasında 2 dəfə qəzaya düşüb. 1999-cu ildə maşının kapotu qəzada tamamilə dağılıb. Bunun təmiri üçün 100 min funt sterlinq (təxminən 119 min manat) xərclənmişdi.
2011-ci ilin avqustunda isə aktyor bu maşında daha ağır qəzaya düşüb. Təmirə bir il vaxt və 1 milyon funt-sterlinq (1 milyon 187 min manat) xərclənib.