MİT və ekoloji qurumların fəaliyyətindəki QÜSURLAR: “Türkiyə buna hazır deyildi” – Yanğın DƏHŞƏTİNƏ ŞƏRH
“İstənilən dövlətin təhlükəsizlik konsepsiyasında ekoloji təhlükəsilik vacib bir xətt kimi gedir. Ekoloji təhlükəsizlik istənilən dövlətin normal yaşayışını həll edən çox ciddi məsələlərdən biridir”.
Bu sözləri Türkiyədə baş verən ekoloji problem, yanğınların terror ehtimalı, Azərbaycanın ekoloji təhlükəsizliyinin hansı səviyyədə olmasını şərh edən təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.
İlham İsmayıl bildirib ki, Türkiyə dövlətinin ekoloji təhlükəsizliyində ciddi problemlərin olduğu üzə çıxıb:
“Özüm də şübhəliyəm ki, yanğınların terror olma ehtimalı aşağıdır. Yunanıstanın 51 bölgəsində, İtaliyanın Siciliyasında, Bosniyada da yanğın var. Bu bir bəla kimi yayılır. Başqa yerlərdə də böyük yanğınların olmasını təbiətlə bağlamaq olar. Ancaq terror faktını da istisna etmirik. Ola bilsin ki, Türkiyənin indiki siyasəti nəticəsində Türkiyəyə düşmən olan qüvvələr, terror təşkilatları, konkret olaraq PKK nəsə edə bilər. Yanğınlar nəticəsində Türkiyənin turizm sektoruna ciddi ziyan dəyib, terror təşkilatları da bunu yaxşı bilir.
İstəyir təbii yanğın, istəyirsə də terror olsun, burada diqqət yetirilməli olan məqam başqadır.
Çox təəccüb edirəm ki, nəyə görə ekoloji problemin qarşısını almaq üçün məqsədyönlü tədbirlər görülməyib. Türkiyədə birinci dəfə deyil meşə yanğınları baş verir. Demək, bunun baş vermə ehtimalını birinci növbədə Milli İstihbarat Təşkilatı (MİT) və ekoloji qurumlar dövlətin hansı addımlar atacağını müəyyən etməli idi. Su çənlərinin meşələrin müxtəlif yerlərində yerləşdirilməsindən tutmuş, müəyyən su xətlərinin çəkilməsi, helikopterlərin, təyyarələrin sayının çox olmasını əvvəlcədən müəyyənləşdirmək lazım idi. Bunun olmaması onu göstərir ki, Türkiyə bu məsələyə xüsusi önəm verməyib və belə bir fəlakətlə üzbəüz qalıb. Bunların olmaması Türkiyədə MİT və ekoloji qurumların fəaliyyətindəki qüsurları üzə çıxarıb. Zaman-zaman dünyada çoxlu sayda yanğınlar olub. Hesab edirəm ki, müəyyən çatışmazlıqlar və etinadsızlıq var. Buna görə də yanğınlar fəlakət halına gəlib çıxıb”.
Azərbaycandakı ekoloji təhlükəsizlik məsələsinə gəldikdə isə İlham İsmayıl bunları deyib:
“Azərbaycanda bu barədə ümumiyyətlə iş görülməyib. Şəki müşələrində yanğın baş versə, qarşısını almaq çətin olacaq. Şəki meşələrində yanğın ehtimalı daha çoxdur. Ora hə isti olur, həm də küknar ağaclarının bolluğu var. Azərbaycan heç Kiş çayının qarşısını ala bilmir. Hər il daşır, gəlib ziyan vurur, ancaq bu barədə Ekologiya və Təbii Sərvətlər nazirliyi heç bir addım atmır.
Ağsu meşələrində ötən il yanğın baş verdi. Onu söndürmək zaman aldı.
Düzdür, Azərbaycanda meşə sahələri Türkiyədəki qədər geniş deyil. Ancaq Azərbaycanı kiçik hadisələrə belə o qədər hazır hesab etmək olmaz”.
Səxavət Məmməd