Azərbaycan və Rusiyanı dərin tarixi köklər bağlayır.
Yenicag.az-ın məlumatına görə, bunu TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində deyib.
O, bu konfransın keçirilməsinə dəstək verdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib:
“Biz hamımız xatırlayırıq ki, ümummilli lider Heydər Əliyev Azərbaycanla Rusiya arasında münasibətlərə, mədəni əlaqələrə necə əhəmiyyət verirdi və bugünkü konfrans onun vəsiyyətlərinin təcəssümüdür”.
Konfransın vacib əhəmiyyətindən danışan M.Qusman qeyd edib ki, Rusiyadan bu tədbirə ictimai və mədəniyyət xadimlərindən ibarət böyük nümayəndə heyəti gəlib:
“Hər kəs Bakıda olmaqdan böyük sevinc duyur. Məsələ təkcə Azərbaycan qonaqpərvərliyində deyil, həm də nümayəndə heyətinin əhatə olunduğu dostluq, əməkdaşlıq, diqqət mühitindədir”.
Qeyd edək ki, Bakıda Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı keçirilir. Üçgünlük konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və TASS informasiya agentliyinin dəstəyi ilə təşkil edilib.
Bu gün konfrans çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilib. Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın və Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun moderatorluğu ilə keçirilən tədbirdə dövlət strukturlarının nümayəndələri, tanınmış mədəniyyət, təhsil və elm xadimləri, hər iki ölkədən olan jurnalistlər iştirak ediblər.
Konfrans çərçivəsində TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın “Hakimiyyət formulu” və “Həyat formulu” kitablarının təqdimatı və digər mədəni tədbirlər nəzərdə tutulur.