Azərbaycan Milli Məclisi Avropa Parlamentinin fevralın 28-də “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul etdiyi illik hesabatda əksini tapmış qərəzli, birtərəfli, beynəlxalq hüquq və ədalət anlayışları baxımından etinasız, laqeyd fikirləri kəskin şəkildə qınayır və buna qətiyyətlə etiraz edir.
Yenicag.az xəbər verir ki, Milli Məclisin bəyanatında bildirilib.
Bildirilib ki, uzun illər ərzində Avropa strukturlarının, xüsusən də Avropa Parlamentinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalının ağır nəticələrinə, törədilmiş vandallıqlara, bir neçə gün əvvəl növbəti ildönümü qeyd olunmuş Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməkdən ardıcıl surətdə imtina etməsi bu dairələrin selektiv və ikili standartlara əsaslanan yanaşması baxımından adi hala çevrilmişdi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük qurbanlar hesabına öz torpaqlarını işğaldan azad edərək, beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına yerinə yetirməsinə göstərilən münasibət də əvvəlkilərdən fərqlənmirdi.
Lakin belə görünür ki, Avropa Parlamenti Cənubi Qafqaz regionunda baş verən hadisələrə özünün riyakar və ikiüzlü yanaşmalarında “yeni nailiyyətlər” qazanmaq əzmini davam etdirmək niyyətindədir. Populizm və demaqogiyanı əlində rəhbər tutan, sülhə və sabitliyə xidmət etməyən sənədləri, açıqlamaları dövriyyəyə buraxmaqla özlərinə siyasi kapital qazanmağa çalışan avropalı siyasətçilər müəyyən dairələrin onlar üçün nəzərdə tutduğu “alət” rolunu inamla oynamaqda israrlıdırlar.
Avropa Parlamentinin illik hesabatında əks olunmuş bir sıra məqamlar da məhz bunu deməyə əsas verir. Ermənistanın rəsmi bəyanatları ilə eynilik təşkil edən həmin məqamlara nəzər yetirdikdə, bu sənədin erməni lobbisinin təsiri və diktəsi altında hazırlandığı özünü aydın şəkildə büruzə verir.
Qeyd olunan sənəd həm də Avropa Parlamentində Azərbaycanafob və islamafob təfəkkürün, şovinist və irqçi ideologiyanın getdikcə daha da güclənməkdə olduğunu göstərir. Bu zərərli tendensiyaların ardıcıl və davamlı şəkildə nümayiş etdirilməsi məsələsində Avropa Parlamentinin Avropa Şurası Parlament Assambleyası ilə açıq rəqabətə girdiyi aşkar sezilməkdədir.
Diqqətə çatdırılıb ki, Avropa Parlamentinin bu hesabatı Cənubi Qafqaz regionundakı mövcud reallıqları nəinki təhrif edir, həm də cərəyan edən proseslər baxımından kifayət qədər təhlükəli xarakter daşıyır.
Məhz Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması istiqamətində göstərdiyi səylər, Ermənistanın isə ötən dövr ərzində sülh prosesinə zərbə vuran siyasi-hərbi təxribatları, şərti sərhəddə yaratdığı gərginliklər Avropa Parlamenti tərəfindən nədənsə bilərəkdən görməzdən gəlinir.
Digər tərəfdən Almaniyada sülh danışıqlarının davam etdiyi bir vaxtda qəbul edilmiş bu qətnamə və irəli sürülən absurd iddialar ciddi suallar doğurur: Avropa Cənubi Qafqazda sülhün bərqərar olmasında həqiqətən də maraqlıdırmı? Azərbaycana qarşı qəti addımların atılmasına, sanksiyaların tətbiqinə çağıran Avropalı parlamentarilər üçün Azərbaycanın suverenliyi və ərazi bütövlüyü Ermənistanın suverenliyi və ərazi bütövlüyündən daha az əhəmiyyətlidirmi?
“Hesabatda Ermənistanın silahlandırılmasının zəruriliyinə dair yer alan fikirlər isə regiondakı vəziyyəti gərginləşdirmək, sülh prosesini əngəlləmək niyyətini bariz şəkildə əks etdirir.
Görünən budur ki, Avropa Parlamenti artıq Fransanın anti-Azərbaycan siyasətini aşkar şəkildə mənimsəyib, Makron və Borrel kimi “siyasətçilər”in konkret məqsədlərə xidmət edən düşüncələrini özünə siyasi xətt kimi seçib. Bu düşüncələri sülh, təhlükəsizlik və demokratiya səyləri ilə pərdələməkdən isə çəkinmirlər.
Avropa Parlamenti başa düşməlidir ki, daha əvvəl qəbul etdiyi qətnamələr kimi, bu sənəd də Azərbaycan üçün heç bir əhəmiyyət daşımır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi heç kim tərəfindən şübhə altına alına bilməz. Heç kim Azərbaycana təzyiq göstərə bilməz.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmiz artıq yeni dövrə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərini bərpa edən, məcburi köçkünləri öz doğma torpaqlarına qaytaran güclü və qətiyyətli Azərbaycan üçün bu dövr həm də beynəlxalq səviyyədə sülhə, ədalətə, dürüstlüyə və səmimiyyətə əsaslanan əməkdaşlığı və tərəfdaşlığı ehtiva edir. Avropa Parlamentinin rəhbər tutduğu “prinsiplər” isə birmənalı şəkildə rədd edilir.
Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin regionda sülh və sabitliyin təmin olunması istiqamətində göstərilən səylərə zərbə vurmaq niyyətini qəti şəkildə qınayır, bu cür cılız təxribatlarla deyil, Avropanı narahat edən ciddi və təxirəsalınmaz məsələlərlə məşğul olmağı tövsiyə edir”, – deyə açıqlamada qeyd olunur.