!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oqtay Əsədov "20 Yanvar"dan Avtovağzala piyada gedir - Bakı-Sumqayıt yolundan FOTOREPORTAJ

!Reklam – Yazi

Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi işləri ilə əlaqədar sözügedən istiqamət üzrə hərəkət hissə-hissə qismən məhdudlaşdırılıb.

Məhdudlaşdırma isə ucu bucağı bilinməyən, saatlarla davam edən tıxaca, “20 Yanvar” metrosundan Bakı Beynəlxalq Avtovağzalına qədər insanların piyada getməsinə səbəb olub.

Yenicag.az-ın reportyor qrupu “20 Yanvar” dairəsindən Bakı Beynəlxalq Avtovağzalına qədər piyada gedən insanlarla birgə hərəkət edib.

Saat 17:00… “20 Yanvar” dairəsində sıxlıq yaranmağa başlayıb. Hərəkət getdikcə yavaşlayır. Siqnal səsləri ucalır. Hər zaman onlarla insanın dayandığı “Azərbaycanfilm” kinostudiyası ilə üzbəüz dayanacaqda demək olar ki, heç kim yoxdur. Avtobuslar və taksilər həmişəki kimi yerindədir, sadəcə insanlar avtobusda gözləmək istəmirlər. Bir yandan günün istisi, bir yandan da avtobusun içərisinin qızması insanları ayağına güc verməyə məcbur edir.

Dayanacaqda avtobusa minməyib, Avtovağzala piyada gedən Həsən Nəcəfovla söhbət edirik. Deyir, avtobusda “bişmək”dənsə, piyada getmək daha yaxşıdır. Həsən bildirir ki, ümumiyyətlə, təkcə istiyə görə yox, vaxt itkisinə görə də, avtobusa minmək sərf etmir:

“Piyada gedib Avtovağzala çatacam, oradan da marşruta minib evə gedəcəm. Mən evə çatanda, bu marşrut Avtovağzala hələ çatmamış olacaq”.

Saat 17:30… Artıq maşınlar addım-addım hərəkət edir. Marşrut avtobusları pəncərələri ilə yanaşı qapılarını da açıq qoyub. Bu dəfə sərnişinlərin sıxlığından yox, içəridə hava olsun deyə…

“Şamaxinka” adlanan ərazidə isə tam bir xaos hökm sürür. Bir neçə yolun kəsişməsi ərazini maşın bazarına bənzədir. “Şamaxinka”dakı dayanacaqda da insanlar digər vaxtlara nisbətən azlıq təşkil edir. Bəzi adamlar avtobusda səbir etməyi üstün tuturlar, səbirsizlərsə düşürlər yolun ağına. “Şamaxinka”dan Avtovağzala qədər yolun kənarı ilə insanlar bir cərgə olaraq hərəkət edirlər. Maşınlardan fərqli olaraq ötmə yox, qayda pozma yox, siqnal heç yox.

Yolla gedərkən Əkbər adlı bir gənclə qısa söhbətimiz olur. Deyir, gəncəm, isti də olsa, gedə bilirəm, bəs qocalar, qadınlar?:

“Yolun təmir edilməsi yaxşı haldır, ancaq o yolda hansısa bir problem yox idi axı. Ölkədə o qədər təmirə, hətta yenidən salınmağa ehtiyacı olan yollar var ki… Onlar dura-dura bu yolu havanın bu isti vaxtında təmir etmək nəyə lazım idi? Deyəcəklər, metrodan istifadə edib, Avtovağzala gəlmək olar. Yaxşı, biz etdik. Bəs maşınla işə gedib-gələnlər nə etsinlər? Baxın, gözünüzün qarşısında təcili tibbi yardım maşını da tıxacda qalıb. Gecikdiyi üçün bəlkə xəstə dünyasını dəyişdi. O zaman məsuliyyəti kim daşıyacaq?”

Bu günlərdə Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi birmənalı qarşılanmır. Bir çoxları bildirir ki, bu yol örtüyü Ramazan bayramı günlərində də yenilənə bilərdi. Bayram günləri yollarda sıxlıq olmur, bu isə tıxacın qısa olması ilə nəticələnəcəkdi. Hər kəsin öz düzü var. Vətəndaşlar qurumları ittiham etdiyi kimi, qurumlar da mütləq vətəndaşlarda bir səhv tapacaq. Gülməli və məntiqsiz olsa da.

Saat 18:00 və daha sonrası. Yolda hərəkət demək olar ki, dayanıb. Marşrut avtobuslar və maşınlar cərgələniblər. Ən maraqlı görüntü isə sürücülərlə bağlıdır. Kimisi telefonun içində itib, kimisi mahnıya səs verib, kimisi radioda kanalları dəyişir, kimisi də rulun arxasında mürgüləyir.

Aslan Mirzəyev adlı şəxslə söhbət edirik. Aslan bildirir ki, işə getmək bir zülmdür, evə gəlmək bir:

“Bu yol axı bir neçə il olmazdı ki təmir edilmişdi. Onun təmirinə nə ehtiyac var idi axı? Gəlsinlər, o qədər təmirə ehtiyacı olan yollar var, yerini bilmirlərsə, göstərim, gedib təmir etsinlər. Narazılıq edəndə də, ağıllı-ağıllı məsləhətlər verirlər. İnsanlara bundan artıq hansı işgəncə vermək olar, onu bilmirəm. 2 gündür uşaqları görə bilmirəm. Yollarda ən azı 3-4 saat vaxtımızı itiririk”.

İnsanları ən çox düşündürən sual budur: Alternativ yolu təmin etmədən, 10 minlərlə insanı heçə sayaraq yol təmir etmək nə deməkdir? Çıxıb deyəcəklər ki, yolu təmir edəndə də narazılıq edirlər. İnsanları naşükürlükdə təqsirləndirəcəklər. Alternativ yolu təmin etməyib, millətə “çin işgəncəsi” verəndə təbii ki, narazılıq da olacaq, tənqid də.

Yollardakı tıxaca görə narazılaqlara cavab olaraq rəsmilər insanları səbrə və dözümə səsləyir.

Reportajı yazarkən Oktay Əsədovun “Mən Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yaşayıram. Bu əziyyətləri mən də çəkirəm”, deməsi xəbərini oxuyuram.

Bir anlıq millət vəkillərinin, yüksək çinli məmurların insanların 3 gündür çəkdiyi əzabı çəkdiklərini düşünün. Təsəvvür edin ki, işdən çıxıb evinə tələsən bir vətəndaş kimi onlar da marşrut axtarır, bezib piyada, günün altında hərəkət edir. Bilirik ki, imkansızdır. Sadəcə olaraq təsəvvür edin.

Təsəvvür edin ki, Milli Məclisin spikeri Oqtay Əsədov “20 Yanvar” metrostansiyasından çıxır və Avtovağzala qədər piyada gedir…

Səxavət Məmməd

FOTO: Emin Yakup

www.yenicag.az

5617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv