MN: Ukraynanın Moskvaya PUA hücumunun qarşısı alındı, 4 dron vuruldu

Yeni Moskvada dörd pilotsuz uçuş aparatı vurulub, onlardan birinin qalıqlarının düşdüyü köməkçi tikilidə yanğın olub. Hadisə nəticəsində insan tələfatı olmayıb, yanğının söndürülməsi davam edir.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, ümumilikdə, Hava Hücumundan Müdafiə və Elektron Mübarizə Qüvvələri Yeni Moskvanın üç kəndində dörd pilotsuz uçuş aparatının hücumunu dəf edib, tələfat yoxdur.

Bütün dronlar təyyarə tipli olub və səhər tezdən Moskvaya doğru hərəkət edirmiş. Bu yaşayış məntəqələri Vnukovo hava limanının yaxınlığında yerləşdiyindən 16 reys Domodedovo və Şeremetyevoya yönləndirilib.

Moskva meri Sergey Sobyanin bildirib ki, səhər bir neçə pilotsuz təyyarə şəhər istiqamətində hücum edib, onların hamısı hava hücumundan müdafiə vasitələri ilə vurulub. Ölən və yaralananlar olmayıb. Təhlükəsizlik məqsədilə Vnukovo hava limanına uçuşların bir hissəsi digər hava limanlarına yönləndirilib.

Məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi də məlumat yayıb. Məlumatda bildirilib ki, Kiyev çərşənbə axşamı səhər Yeni Moskva və Moskva vilayətindəki obyektlərə pilotsuz uçuş aparatları ilə (PUA) zərbələr endirməyə cəhd edib, bütün dronlar məhv edilib:

“Bu gün səhər saatlarında Kiyev rejiminin 5 pilotsuz uçuş aparatı ilə Moskva vilayətində və Yeni Moskvada obyektlərdə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Yeni Moskva ərazisində Ukraynaya məxsus 4 PUA hava hücumundan müdafiə sistemləri ilə məhv edilib. Daha bir PUA Moskva vilayətinin Odintsovo rayonunda qəzaya uğrayıb” – nazirliyin məlumatda bildirilib.

MN tələfat və dağıntı olmadığını qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvaya dronlarla hücum cəhdini Kiyev rejiminin növbəti terror aktı adlandırıb, bunda qərb dövlətlərini günahlandırıb. O, BMT Təhlükəsizlik Şurasının üzü olan ABŞ, Böyük Britaniya və Fransanı terroru maliyyələşdirməkdə ittiham edib.

COP29