Mnatsakanyan çətin suallar qarşısında aciz qaldı – Londonda

21-22 oktyabr 2019-cu il tarixlərində Böyük Britaniyada işçi səfərdə olan Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan BBC telekanalının “Hard Talk” verilişində iştirak edib. BBC-də mütəmadi olaraq yayımlanan həmin verilişdə dünyanın müxtəlif ölkələrindən olan siyasi-ictimai xadimlər iştirak edir, aparıcının bu və ya digər mövzuda çətin və ziddiyyətli suallarına cavab verməli olurlar. Z.Mnatsakanyan da bu cür suallar qarşısında çıxılmaz və çaşqın vəziyyətdə qalıb.

Yenicag.az xəbər verir ki, verilişin aparıcısı Stefen Sakur Ermənistanı “strateji əhəmiyyətli kiçik dövlət” adlandırıb və verilişin əsas mövzusunu “siyasi mənada Ermənistan Qərb, yoxsa Şərqə baxır?” formasında qoyub.

İlk suallar Ermənistanda ötən il baş verən “Məxməri inqilab”la əlaqədar olub. Aparıcı hazırkı Ermənistan hökumətinin tamamilə yeni Ermənistan üzrə çalışdığını iddia etməsinə baxmayaraq, skeptiklərin isə bunun əksinə heç bir dəyişikliyin baş vermədiyini deməsinə istinad edərək bu barədə Z.Mnatsakanyanın fikirlərini soruşub. Çətin vəziyyətdə qalan Ermənistan xarici işlər naziri “dəridən- qabıqdan çıxaraq” aparıcını inandırmağa çalışıb ki, guya dəyişikliklər edilməsi və ölkədə korrupsiyanın tamamilə ləğv edilməsi üzrə siyasi iradə mövcuddur, lakin institutsional təcrübənin qurulması vaxt aparan amildir.

Daxili siyasət məsələlərində gözlənilən dəyişikliyin baş verməməsi ilə bağlı suallardan sonra S.Sakur Ermənistan xarici işlər nazirinə Dağlıq Qarabağ məsələsində də dəyişikliklərin gözlənilən olduğunu, lakin Ermənistan hökumətinin münaqişəyə münasibətdə yeni təsəvvür ortaya qoymadığını deyib.

Z.Mnatsakanyan çaşqınlığını gizlətməyə çalışaraq və tosta bənzər çıxış edərək sülh, sülhün faydaları barədə danışmağa başlayıb.

​Verilişin aparıcısı mövzunu davam etdirərək Paşinyanın dediklərinin beynəlxalq hüquq, BMT və digər müstəqil beynəlxalq təşkilatların mövqeyinə zidd olduğunu əlavə edib, xüsusən də həmin gün Baş nazirin 80-90-cı illər müharibəsi vaxtı səslənən sloqanlarla müşayiət olunan unifikasiya (Qarabağın Ermənistanla birləşdirilməsi) çağırışları fonunda bunu sülh jesti kimi qəbul etməyin çətin olduğunu bildirib.

Zöhrab Mnatsakanyan dərin nokauta düşdü. Maraqlıdı, o, həmin an alçaldığını anlayırdı mı: dünyanın ən tanınmış telekanallarından biri, çoxmilyonlu auditoriya və belə bir biabırçılıq. Əsəbi təbəssüm, sözlərdə daimi büdrəmə, açıq-aydın diskomfort və məntiqsiz fikirlər – bunlar bu gün Mnatsakanyanın “dərsə” hazır olmadığının aydın göstəriciləri idi. Necə deyərlər, “gündəliyə iki, valideyinlər isə məktəbə”.

Bu proqramda Ermənistan xarici işlər naziri bütün müasir Ermənistanın kollektiv simasının göstəricisi idi: sərsəm və absurd, ilk təəssüratda – çox səliqəli və adekvat, amma əslində – dayaz düşüncəli, sərsəm və aqressiv. Ermənistan eynən öz xarici işlər naziri kimi, Qarabağın işğalı ilə bağlı düzgün arqumentlərlə qarşılaşdıqda sarsınır, küncə sıxılır və absurd bir şeylər söyləyir. Buna görə də təəccüblü deyil ki, necə ki Ermənistan beynəlxalq münasibətlərdə alçalmış bir dövlətdir, naziri də «BBC»-dəki tok-şouda alçaldı.

Ermənistan XİN rəhbərinin uyğunsuz bəyanatlarından göründüyü kimi, Yerevan danışıqlardan yayınmaq üçün hələ də bəhanələr axtarır. Həqiqətən münaqişənin sülh yolu ilə həllində maraqlı olan tərəf Ermənistanın etdiyi kimi danışıqlar prosesinə mane olmaq üçün bəhanə və səbəb axtarmamalıdır. Əvvəlcə, bu, Qarabağ separatçılarının danışıqlarda iştirak etməsi idi. Təşəbbüs dəstəklənməyəndən sonra, prosesə əngəl olmaq üçün yeni ideyalar ortaya çıxdı.

Sülh danışıqlarının sabotaj edilməsi üçün Ermənistan rəhbərliyinin arsenalında görəsən daha nə ideyalar var?/Trend/