“Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında keçirilən seçkilərin bir çoxu Qərb və Rusiya arasındakı mübarizə kimi göstərilir. Halbuki seçkilər xalqın iradəsindən başqa bir şey deyil”.
Bu sözləri Yenicag.az-la söhbətində politoloq Elçin Xalidbəyli deyib.
Siyasi təhlilçi Moldovada keçirilən seçkilərdə Qərb və Rusiyanın təsir mexanizmlərini analiz edib.
Onun sözlərinə görə, bunun əsas səbəbi ondan ibarətdir ki, Rusiya MDB məkanına nəzarət etməkdə iddialıdır:
“ABŞ və Qərbin isə bu mexanizmləri əlindən alıb özünün bu məkana yerləşmək niyyətləri var. Moldovadakı seçkilər də bunun təzahürüdür. Həmçinin Gürcüstanda da mövcud hakimiyyəti devirib yerinə Qərbyönlü siyasi qüvvələri gətirmək, Fransanın agenti olan prezident Salome Zurabişvilinin rəhbərliyi ilə dövlət çevrilişi etmək istəyirdilər. Bununla da onlar Cənubi Qafqazdakı nəzarət mexanizmləri Qərbin əlində olacaq idi”.
“Burada önəmli məqam bu idi ki, onlar hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasını rusyönlü kimi təqdim edirdilər. Bu isə Qərbin təbliğat maşınının işidir. Halbuki bu, bir az ədalətsiz yanaşma idi. Məlumdur ki, “Gürcü arzusu”nun Rusiya ilə münasibətləri o qədər də normal deyil. Çünki onlar Rusiyanın iştirak etdiyi bir çox platformalardan Gürcüstanı uzaq tutublar. Hətta “3+3” formatında da rəsmi Tbilisi iştirak etmədi və bunu ərazilərinin Rusiya tərəfindən işğal olunması ilə əlaqələndirmişdi”, – deyə E. Xalidbəyli əlavə edib.
Analitik söyləyib ki, Moldovada da bunun paralellərini aparmaq olar:
“Çox qəribə şəkildə bu ölkədə hakimiyyət uğrunda mübarizə aparan qüvvələri ya Rusiya, ya da Qərbyönlü kimi təqdim etməyə çalışırlar ki, bu da çox anormal bir yanaşmadır. Bu həm də Moldovanın daxili işlərinə qarışma cəhdlərindən biridir.
Ümumi götürdükdə, həm Rusiya, həm də Qərb siyasi dairələri MDB məkanındakı dövlətlərin daxili işlərinə qarışırlar və bu ölkələrin inkişaf etmək imkanlarını, demək olar ki, bloklayırlar. Bu baxımdan, Maya Sandunun qələbəsini Rusiyanın məğlubiyyəti kimi təsnif edirlər. Əgər Sandu Qərbyönlüdürsə, onda ortaya bir sual çıxır: bu hakimiyyət əvvəlcədən Moldovada mövcud idi və Qərbyönümlü idilərsə, onda Qərb Moldovadakı iqtidarı dəstəkləməli idi”.
“Moldovanın əsas hədəfi isə Avropa İttifaqı və NATO-ya üzv olmaq idi. Lakin uzun illərdir ki, Moldova, Gürcüstan və Ukraynanı aldadıb onları nə Avropa İttifaqına, nə də NATO-ya qəbul edirlər. Bunların hamısı Avropa İttifaqı kimi beynəlxalq güc mərkəzləri, eləcə Rusiya kimi aqressiv postsovet dövlətinin MDB ölkələri üzərindəki ədalətsiz münasibətidir. Əgər onları rahat buraxsalar, adıçəkilən dövlətlər də inkişaf edəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov