Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Moldovada Qərb-Rusiya toqquşması: Qanlı “Ukrayna ssenarisi” təkrarlanır?

Moldovada 5 Rusiya diplomatının “Persona non qrata” elan olunması ölkəni siyasi böhran həddinə çatdırıb.

Yenicag.Az xəbər verir ki, Rusiya diplomatlarının “Arzuedilməz şəxs” elan olunmaları haqda qərarı Moldovanın Xarici işlər və Avrointeqrasiya Nazirliyinin (XİN) sözçüsü Anna Samson açıqlayıb.

Məlumata görə, “Persona non qrata” siyahısına salınan rusiyalı diplomatlar arasında bu ölkənin Moldovadakı səfirliyinin hərbi attaşesinin köməkçisi, bu ilin martında casusluqda ittiham olunan Aleksandr Qrudin də var.

Maraqlıdır ki, ölkə XİN-in bu qərarı Moldovanın Rusiyapərəst prezidenti İqor Dodonu hiddətləndirib. O, XİN-in Rusiyalı diplomatlarla bağlı məlum qərarını “Qərbin sifarişi” kimi qiymətləndirib:

“Mənə aydındır ki, bu sifariş okeanın o tayından daxil olub. Moldova-Rusiya münasibətlərinin dərinləşməsindən ciddi narahat olanlar var. Hökumətin bu qərarı ölkə üçün mənfi nəticələr doğuracaq”.
Dodon ölkə XİN-dən Rusiyalı diplomatlarla bağlı qərarın ləğvini tələb etsə də, Moldovanın xarici işlər və avrointeqrasiya naziri Andrey Qalbur bu məsələdə geriyə addım atılmayacağını bildirib: “Dünən qəbul etdiyimiz qərar olduğu kimi qalacaq”.

Göründüyü kimi, Rusiyapərəst Dodonun Moldova prezidenti seçildikdən sonra Moskva ilə yaxınlaşmaq siyasəti ölkə daxilində ciddi müqavimətlə üzləşib. O baxımdan, Moldova hökumətinin Rusiya diplomatları barəsində qərarı Qərbin Moskvanın planlarına qarşı cavab addımı kimi qiymətləndirilir.

Moldovada yaranmış böhranlı vəziyyəti Yenicag.Az-a şərh edən politoloq Elxan Şahinoğlunun fikrincə, postsovet ölkəsindəki proseslərin qanlı “Ukrayna ssenarisi” üzrə inkişafı istisna edilmir:

“Bildiyiniz kimi, Moldovada Rusiyapərəst Dodon prezident seçilsə də, ölkənin hökuməti və parlamenti əsasən, Qərbyönümlüdür. Ona görə də, Dodonun Rusiyaya münasibətdə çox daha irəli getməsinə, eyni zamanda, Kremlin Moldovanı öz təsir dairəsinə qaytarmaq cəhdinə qarşı bu kimi addımlar atılır. Yəni Qərblə Rusiyanın maraqlarının açıq şəkildə toqquşduğu növbəti ölkə Moldovadır.

Hadisələrin müşahidəsi göstərir ki, Moldovada indi baş verənlər mahiyyət etibarilə, Ukraynada 2014-cü ilin əvvəllərində cərəyan edən prosesləri xatırladır.

Qeyd edim ki, Ukraynada da qanlı müharibəyə qədər inkişaf edən hadisələr ölkənin Avropaya inteqrasiya məsələsinin aktuallaşmasından sonra başladı. Doğrudur, hazırda Moldovada gərginliyin o həddə çatdığını söyləmək çətindir. Lakin yaxın perspektivdə Moldovada qanlı “Ukrayna ssenarisi”nin təkrarlanması istisna edilmir. Hər halda bu, Qərblə Rusiyanın atacağı addımlardan çox asılı olacaq”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

479
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100