“Azərbaycanla Türkiyənin düşmənləri hər zaman bir arada olublar və indi də birlikdə hərəkət edirlər”.
Bu fikirləri İran ərazisindən Ermənistana böyük həcmdə silah-sursat keçirilməsinə dair xəbərlərə İran hökumətinin reaksiyası haqda danışan Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, rəsmi Tehran bu məlumatları hələ də görməzdən gəlməkdə davam edir:
“Əlbəttə, İrandan Ermənistana Hindistan silahlarının daşınması ilə bağlı informasiyaları təkzib etmək mümkün deyil. Güneyli fəallar bu faktı təsdiqləyən foro və video sübutları müxtəlif sosial şəbəkələrdə paylaşıblar. Yəni İran ərazisindən Ermənistana silah daşınmasının inkar edilməsi mümkün deyil.
Ona görə də İranın rəsmi şəxsləri və mediası Azərbaycan və Türkiyə mətbuatında yayımlanan bu məzmunlu materiallara heç bir münasibət bildirmirlər. Bunun da səbəbi aydındır. Necə deyə bilərlər ki, belə bir şey olmayıb? Ortada nə qədər sübut var.
Ancaq iran rejiminə yaxın olan bəzi “Telegram” kanalları bu barədə qıcıqlandırıcı paylaşımlar edirlər. Onlar hətta Azərbaycanın Qarabağ ermənilərinə göndərdiyi humanitar yardım karvanı haqda da naqis fikirlər səsləndirirlər, erməniləri o yardımlardan imtina etməyə çağırırlar.
Bütün bunlar bizi qətiyyən təəccübləndirmir. Azərbaycanla Türkiyənin düşmənləri hər zaman bir arada olublar və indi də birlikdə hərəkət edirlər. İran bu hərəkəti ilə Azərbaycana qarşı düşmənçiliyini davam etdirdiyini göstərir. Ancaq bu düşmənçiliyin zərbəsi yenə də rejimin özünə dəyəcək”.
A.Zeynalov