Monako Aralıq dənizin qurudulması hesabına ərazisini 6 hektar artıracaq

Aralıq dənizi sahillərində yerləşən, Avropanın cırtdan dövlətlərindən biri olan Monako knyazlığı 2025-ci ilədək dənizin qurudulması hesabına öz ərazisini 6 hektar genişləndirməyi planlaşdırır.

Yeniçağ.Az-ın məlumatına görə, bunu Monakonun turizm və konqreslər üzrə idarəsinin prezidenti Giyom Roz mətbuat konfransında deyib.

layihəyə üç ay bundan əvvəl start verilib. Qurudulmuş ərazidə dəbdəbəli binalar tikiləcək, həmçinin Monte-Karlonun dəniz tərəfdən görünüşünü dəyişəcək bağ salınacaq.

Onun sözlərinə görə, yeni məhəllədə yaşayış evləri, ofislər, avtomobil dayanacağı, daxili liman, park və dəniz bulvarı yerləşəcək. Yeni ərazi knyazlığın əsas mədəni-sərgi kompleksi olan “Grimaldi Forum”un sahəsini genişləndirməyə də imkan yaradacaq.

Qeyd edək ki, tikinti işlərinin 2025-ci ilədək başa çatması planlaşdırılır.

Monakonun ərazisi iki kvadratkilometr (200 hektar). Əhalisi 37 min nəfər olan bu cırtdan dövlət 2016-cı ildə 890 mindən çox turist qəbul edib.

Yeniçağ.Az

COP29