Monteneqro dövlət katibinin Rusiyaya girişi qadağan edildi – Telman İsmayılova görə

Monteneqronun Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçin Rusiyaya girişinə qadağa qoyulub.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, fevralın 2-də Rusiya Xarici İşlər Nazirliyinin Zoran Milyaniçin ölkəyə girişinin qadağan edilməsi ilə bağlı notası Monteneqronun Rusiyadakı səfirliyinə göndərilib.

Qeyd olunub ki, bu tədbir Monteneqronun hakimiyyətinin 2021-ci ilin oktyabrında atdığı qeyri-dost addıma – Rusiya vətəndaşı olan Telman İsmayılova siyasi sığınacaq verməsinə Xarici İşlər Nazirliyinin cavabıdır.

Xatırladaq ki, T. İsmayılova qarşı 2017-ci ilin noyabrında 2 nəfər moskvalı iş adamının qətlinin sifarişi ittihamı ilə cinayət işi açılıb və İnterpol xətti ilə axtarışa verilib. T.İsmayılov 2018-ci ildə Monteneqro vətəndaşlığı alıb.

O, ötən ilin oktyabrında Monteneqroda (Çernoqoriya) saxlanılmış, elə həmin ay Monteneqro hökumətində siyasi sığınacaq aldıqdan sonra istintaq təcridxanasından sərbəst buraxılmışdı.