“Yaxşı rejissor var, amma pul olmayandan sonra o rejissor neyləməlidir? Sonra da deyirlər yaxşı filmlər çəkilmir, əvvəlki filmlərdən indi yoxdur”.
Bunu Xalq artisti Rasim Balayevin “Həsən Seyidbəyli, Adil İsgəndərov, Hüseyn Seyidzadə birdən oyansaydı ki, Azərbaycan kinosu bu gündədi yenidən ürəyi partlayıb ölərdi” fikrinə münasibət bildirərkən Əməkdar artist Əjdər Zeynalov Yenicag.az-a açıqlamasında deyib.
Aktyor həmkarının bu gün keyfiyyətli filmlərin çəkilməməsi, kinomuzun acınacaqlı durumda olması fikri ilə razılaşmadığını bildirib:
“Yaxşı kino üçün ilk növbədə vəsait lazımdır. Yaxşı vəsait xərclənməlidir ki, peşəkar komanda yığılsın. Əvvəlcə mükəmməl ssenari yazılmalıdır, yaradıcı heyət yüksək keyfiyyətə malik texniki avadanlıqlarla təmin olunmalıdır. Pul olmayandan sonra yazıq rejissor neyləsin, qəpik-quruş hesabına şapalaqla üz qızartsın?Bu, mümkün deyil axı. Hər şeyin başında maddiyyat dayanır. Baxıram, son zamanlar da pulu, layihələri türkə, hindusa, ingilisə, ona-buna verirlər. Bizimkilər də qalır qıraqda. Mən hamısını nəzərdə tutmuram, amma Azərbaycanda peşəkar rejissorlar var; Oqtay Mirqasımov, Elxan Cəfərov, Elçin Musaoğlu, Samir Qulamov, Rüfət Əsədov və adını çəkmədiyim daha neçə rejissorlar var… “Moşennik”lər ordan-burdan pul tapıb, gedib film çəkirlər, bu kino deyil ki… Onlar sadəcə olaraq, ciblərini doludururlar. Onlar Azərbaycan kinosunu təmsil etmirlər. Azərbaycan kinosunu təmsil edən peşəkar rejissorlar gözləmə mövqeyindədir ki, nə vaxt onlara büdcə ayrılacaq və onlar milli kinomuzun ən gözəl filmlərini ekranlaşdıracaqlar. Bu, bir həqiqətdir”.
Cəvahir