“Gürcüstandakı seçikilərdə ABŞ ilə Rusiyanın toqquşması labüddür”.
Bu fikri Yenicag.az-a açıqlamasında Gürcüstanda oktyabr ayında qarışıqlığın düşməsi ilə bağlı Rusiyanın xəbərdarlığını dəyərləndirən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.
Zəlimxan Məmmədli bildirib ki, Gürcüstan tərəfi Türkiyə və Azərbaycandan dəstək istəyir.
“Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərblə Rusiyanı toqquşdurdu. Hakimiyyət daxilində siyasi böhrana bənzər bir hadisə yaşandı. Prezidentlə hökumət arasında ziddiyət yarandı. Prezident xalqın, etirazçıların dəstəkləmədiyi qanunun qəbul edilməsinin əleyhinə oldu. Parlament isə qanunu qəbul etdi. Gürcüstan prezidenti Zurabaşvili həmin qanunu “Rusiyanın qanunu” adlandırdı, – deyə o qeyd edib.
O vurğulayıb ki, Gürcüstanda oktyabr seçkiləri rahat keçməyəcək.
“ABŞ ilə Rusiyanın toqquşması labüddür. Qərbdən Gürcüstanla bağlı bəyanatlar verildi, hətta ölkənin Avropa İttifaqına üzvlüyü prosesi donduruldu. Gürcüstan Avropaya sığınacaq, yoxsa Rusiya ilə birgə hərəkət edəcək, bu, gürcüləri düşündürən əsas sualdır. Geopolitik mənzərinin müəyyənləşməsində Türkiyə- Azərbaycan birliyinin rolu şərtsizdir. Gürcüstanda baş verən proseslər ərəfəsində Gürcüstan rəsmilərinin həm Azərbaycana, həm Türkiyəyə səfərləri də bu məsələnin müzakirə olunması üçündür. Düşünürəm ki, Gürcüstan tərəfi Türkiyə və Azərbaycandan dəstək istəyir”, – deyə o bildirib.
Z.Məmmədli qeyd edib ki, oktyabr seçkiləri iki qütbün qarşıdurması ilə nəticələnəcək: “Kimin qalib gəlməsini isə indidən söyləmək çətindir”.
Səxavət Məmməd