“Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu son 1 ay ərzində artıq ikinci dəfə ötən həftə Tehrana səfər etdi”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
Politoloq Rusiya və İran arasındakı yaxınlaşmanın siyasi motivlərini analiz edib.
O, söyləyib ki, bu səfərlə bağlı müəyyən məqamlar vurğulanmalıdır:
“İlk növbədə, səfərin əsas müzakirə mövzularından birinin məhz təhlükəsizlik məsələləri olduğu məlum olub. Çünki Sergey Şoyqu bu səfər çərçivəsində İran Təhlükəsizlik Şurasının katibi, eləcə də İran prezidenti Məsud Pezeşkianla görüşüb Burada müxtəlifnövlü məsələlər, o cümlədən də təhlükəsizlik məsələləri tərəflər arasında müzakirə olundu”.
“Qeyd etmək lazımdır ki, bu səfərdən bir neçə gün öncə Sergey Şoyqu Şimali Koreyaya səfər edib və orada KXDR lideri Kim Çen Inla görüşmüşdü. Bundan bir neçə gün öncə isə Çinin xarici işlər naziri ilə həmsöhbət olmuşdu. Bu, artıq onun göstəricisidir ki, Rusiya-Ukrayna müharibəsi ətrafında yeni alyanslar formalaşmaqdadır. Daha dəqiq desək, bu, Rusiya-İran-KXDR-Çin alyansının formalaşmasının işartısıdır ki, Qərb də bundan narahatdır. Həm ABŞ, həm də Böyük Britaniya bununla bağlı narazılığını dilə gətiriblər. Çünki onlar da bilirlər ki, Rusiya-Ukrayna müharibəsində Rusiyanı ballistik raketlər, mərmi və dronlarla təchiz edən ölkələrdən biri məhz KXDR və İrandır. Ehtimal olunur ki, elə Şoyqunun bu səfərində də Rusiya İrandan əlavə ballistik raketlər və digər növ silahlar istəyəcək”, – deyə o, əlavə edib.
Onun fikrincə, ABŞ-ni narahat edən məqam isə ondan ibarətdir ki, bunun qarşılığında İran Rusiyadan nüvə silahını istehsal etmək üçün ləvazimatlar istəyə bilər ki, bu da İranın nüvə silahı əldə etməsi prosesini daha da sürətləndirməsi üçün əsas amildir:
“Digər tərəfdən, Rusiya və İran arasında müzakirə mövzuları kifayət qədər genişdir. Düşünürəm ki, yaxın zamanda iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanasıdır və Şoqyunun Tehrana səfərini bununla da əlaqələndirə bilərik. Eyni zamanda, hazırda gündəmdə olan Zəngəzur dəhlizi məsələsi var ki, İran da bu dəhlizə hər cür şəkildə qarşı çıxan tərəfdir. Amma bu dəhliz bu gün Rusiyaya hava və su qədər lazımdır. Çünki Rusiyanın nəqliyyat və enerji imkanları Qərb tərəfindən məhdudlaşdırılıb və Rusiyaya həm Türkiyə, həm də Yaxın və Orta Şərqə çıxış əldə etmək üçün alternativ yollar lazımdır. Bu baxımdan, Zəngəzur dəhlizinin əhəmiyyəti kifayət qədər böyükdür.
Qısacası, ehtimal edə bilərik ki, Şoyqunun görüşündə məhz Zəngəzur dəhlizi məsələsi də gündəmdə olan məqamlardan biri olub. Bütün bunların hər biri isə hazırda hər iki dövlət üçün aktual mövzu təşkil etdiyindən bu mövzular ətrafında tərəflər arasında müzakirə getməsi ehtimalı kifayət qədər böyükdür. Amma əsas məsələ, sözsüz ki, Rusiya-Ukrayna müharibəsi və bu müharibə fonunda Rusiyanın İrandan gözlədiyi dəstəkdir ki, İran artıq uzun illərdir Rusiyanı “Şahed” dronları və ballistik raketlərlə təchiz edir”.
Rafi Müslümov