Moskva-Bakı-Moskva marşrutu üzrə reyslər yerinə yetirilməyə başlanılır

Rusiyanın “Aeroflot” aviaşirkəti Moskva-Bakı-Moskva marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır (“Şeremetyevo” hava limanı).

Yenicag.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları”ndan bildirilib

Uçuşlar həftədə iki dəfə – birinci və dördüncü günlər həyata keçiriləcək.

Aviaşirkətin birinci reysi Bakıya fevralın 18-də yerli vaxtla saat 01:25-də gələcək, Azərbaycanın paytaxtından uçuş isə yerli vaxtla saat 02:55-də baş tutacaq.

Bundan əlavə, fevralın 17-dən etibarən həmçinin Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayır. Uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri “Domodedovo” hava limanına yerinə yetiriləcək.

Yalnız Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin saytındakı siyahıda qeyd edilən şəxslər COVID-19 pandemiyası dövründə Rusiyaya giriş hüququna malikdir: https://www.mid.ru/informacia-dla-rossijskih-i-inostrannyh-grazdan-v-svazi-s-koronavirusnoj-infekciej/-/asset_publisher/UUDFpNltySPE/content/id/4157104

Azərbaycan vətəndaşlarından savayı, Moskva-Bakı istiqamətində reyslərə aşağıdakı kateqoriyalardan olan şəxslər buraxılır:

• Azərbaycandakı diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

• ailə üzvləri (həyat yoldaşları, valideynləri və ya azyaşlı övladları) Azərbaycan vətəndaşı olan əcnəbilər;

• Azərbaycanda işləmək icazəsi olan əcnəbilər;

• Azərbaycanda daimi və ya müvəqqəti yaşayış icazəsi olan əcnəbilər;

• Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.