Moskva birjası ABŞ Maliyyə Nazirliyinin sanksiyaları səbəbindən 13 iyun 2024-cü ildən etibarən dollar və avro ilə ticarəti dayandırır.
Yenicag.az xəbər verir ki, bu barədə Moskva birjası məlumat yayıb.
Bildirilir ki, valyuta və qiymətli metallar bazarında ticarət ABŞ dolları və avro istisna olmaqla, bütün digər alətlər üzrə aparılacaq.
Eyni şey fond və pul bazarlarında, o cümlədən standartlaşdırılmış törəmə alətlər bazarında dollar və avro ilə hesablaşmalar olan alətlərə şamil ediləcək. Törəmə alətlər bazarında ticarət adi qaydada həyata keçiriləcək.
Rusiya Bankının məlumatına görə, dollar və avro ilə əməliyyatlar birjadankənar bazarda davam etdiriləcək. Fiziki və hüquqi şəxslər Rusiya bankları vasitəsilə hər iki valyutanı alıb sata biləcəklər və onlarda olan bütün vəsaitlər artıq hesablarda və depozitlərdə təhlükəsiz qalacaq.