!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Moskva bizim belə müqavimət göstərəcəyimizi gözləmirdi” – İnquş lider

!Reklam – Yazi

“Yerli rəhbərlik cəzasız qalacağına o qədər əmin olub ki, 30 min hektar ərazinin qonşu regiona verilməsinə qol qoyub”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində İnquşetiya ərazilərinin bir hissəsinin Çeçenistana verilməsinin doğurduğu nəticələri şərh edən İnquş Gənclər Təşkilatları Əlaqələndirmə Şurasının sədri, jurnalist Bəhaəddin Xautiyev deyib.

Bəhaəddin Xautiyevin sözlərinə görə, inquş xalqı öz torpaqlarının bir qarışını da güzəştə getməyəcək:

“İnquş xalqının bir tələbi var: ölkənin idarə olunduğu qanunlara riayət edilsin. Üstündən 92 il keçdikdən sonra biz torpaqlarımızın bütövlüyünü təmin edə bilməmişik və hər dəfə Federal səviyyədə bizə eyni sözləri deyirlər: “Heç bir ərazi məhdudiyyəti ola bilməz, “Pandora qutusu”nu açmaq olmaz”.

Bu fikirlər təkrar-təkrar səsləndirilir, hətta Rusiya prezidenti Vladimir Putin də 2006-cı ildə bu barədə öz mövqeyini bildirmişdi. Priqorod rayonunun İnquşetiyaya qaytarılması üçün tam hüquqi baza olsa da, biz bu məsələni lazımi səviyyədə qaldıra və Federal mərkəzlə müzakirə edə bilmədik.

Ancaq indi görürük ki, hətta cəmi bir sutka ərzində əhalinin rəyini nəzərə almadan, qanunvericiliyin bütün tələblərini pozaraq, müəyyən ərazini federal subyektlərdən birinin nəzarətindən çıxarıb digərinin nəzarətinə vermək mümkündür. Bu zaman “Pandora qutusu” yada salınmır.

Əlbəttə ki, bu “torpaq verilməsi” qərarının və inzibati sərhədlərin delimitasiyasının müəllifləri Moskvada otururlar, bütün bunlar isə Kremlin razılığı ilə baş verib. Bu qərardan sonra vəziyyət son dərəcə kəskinləşəndə isə Moskvadan bəyanat verirlər ki, onlar hadisələrin gedişini diqqətlə izləyirlər. Buradan belə qənaət yaranır ki, Moskvadakı hansısa qüvvələr vəziyyəti qəsdən gərginləşdirirlər.

Yerli rəhbərlik isə cəzasız qalacağına o qədər əmin olub ki, 30 min hektar ərazinin qonşu regiona verilməsinə qol qoyub. Nəzərə almaq lazımdır ki, İnquşetiya əhali sıxlığının ən yüksək olduğu, işsizliyin rekord səviyyəyə çatdığı və əhalinin rifah səviyyəsinin xeyli aşağı düşdüyü bir regiondur. Ona görə də əhali övladlarının yaşayacaqları torpaqların əllərindən alınmasına bu cür etiraz edir.

Mövcud vəziyyətdə İnquşetiyanın birinci prezidenti Ruslan Auşevin regiona gəlişi çox müsbət hadisə və əhaliyə mənəvi dəstəkdir. Ancaq onun gəlişi ilə daxili siyasi situasiyanın dəyişəcəyi gözlənilmir.

Hesab edirəm ki, Moskva yeganə düzgün addımı ataraq, həmin razılaşmanı ləğv etməlidir. Əks halda, ölkənin indiki durumunda belə oyunların oynanması olduqca təhlükəlidir. Məncə, burada ən böyük səhv Rusiya Prezident Administrasiyası Daxili Siyasət İdarəsinindir. Əminəm, onlar düşünməyiblər ki, inquş xalqı birləşərək, öz torpaqlarının bir qarışını belə güzəştə getməyəcək”.

Qafqaz Ömərov

www.yenicag.az

3119
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv