Moskva ilə İrəvan arasında RAZILAŞMA: Rusiya hərbçiləri Ermənistandan çəkilir?

“Ermənistanla Rusiya arasında qəbul edilən qərar o şəkildədir ki, Federal Təhlükəsizlik Xidməti (FSB) nümayəndələri İranla Ermənistan arasında olan sərhəd-buraxılış məntəqəsindən çəkilirlər. Çünki Ermənistanın Türkiyə ilə onsuz da işlək sərhəd-buraxılış məntəqəsi yoxdur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Politoloq ötən gün Moskvada Rusiya hərbçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərindən çəkilməsi ilə bağlı qərarın pərdəarxası məqamlarına toxunub.

Mütəxəssisin dediyinə görə, İran-Ermənistan və Türkiyə-Ermənistan sərhədlərini indiyə qədər rus sərhədçiləri tək qoruyurdularsa, bundan sonra erməni sərhədçilərlə birgə xidmətlərini davam etdirəcəklər:

“Yəni Rusiya sərhədçilərinin sözügedən sərhəd xətlərindən çıxarılması ilə bağlı qərar yoxdur. Razılaşma ancaq İran-Ermənistan sərhəd-buraxılış məntəqəsində Rusiya “FSB”si əməkdaşlarının oranı tərk etməsindən ibarətdir. Bu da 3-4 hərbçinin oradan çəkilməsi deməkdir”.

O, diqqətə çatdırıb ki, Ermənistan hər nə qədər anti-Rusiya mövqeyi sərgiləsə də, nəticə etibarilə, Rusiya ilə Ermənistan arasındakı ticarət dövriyyəsindəki artıma, eyni şəkildə 4 ildən artıqdır, anti-Rusiya ritorikasının davam etməsinə rəğmən, indiyə qədər Rusiyaya qarşı hər hansı bir addım atılmadığı görünür:

“Deməli, münasibətlər təqdim olunan qədər gərgin deyil. 4 il ərzində baş verənlərə baxsaq, görərik ki, İrəvandakı “Zvartnots” Beynəlxalq Hava Limanından 15-20 erməni əsilli Rusiya hərbçilərinin çıxarılması haqqında qərar qəbul olunub. Avqust ayında onlar ərazini tərk etdilər. İndi də yanvarda 5-10 nəfər hərbçinin konkret bir buraxılış məntəqəsindən çəkiləcəyi ilə bağlı razılaşma əldə olunub.

Yəni Rusiya hərbçiləri sərhəd istiqamətində qalır, saylarında azalma olmayacaq, sadəcə, indi onlara əlavə olaraq, həm də erməni hərbçiləri də onların yanında duracaqlar. Yəni burada Rusiyanın maraqlarını tapdalayan, yaxud Rusiyanın mövqelərini zəiflədən hər hansı bir addımdan söhbət gedə bilməz”.

Rafi Müslümov

COP29