Moskva İrəvanı belə qoruyur – Səbəb Gürcüstandır

 

Rusiya Prezidenti Vladimir Putin İrəvanın Qərbyönlü kursuna və sərt bəyanatlarına baxmayaraq, Ermənistanla münasibətlərini qoruyur.

Yenicag.az xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Hərəkatının analitik şöbəsinin rəhbəri, politoloq Vladimir Kireyev özünün “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, bunun səbəbi Gürcüstan təcrübəsidir. “Tbilisi versiyası göstərdi ki, Ermənistanın siyasi kursunu hələ də dəyişmək olar. Qərbin sanksiyaları fonunda Ermənistanla iqtisadi əlaqələr Rusiya üçün vacibdir. Rusiya “yumurtaları bir səbətə qoymamaq” və sanksiyalar altında olan malların qiymətini artıra biləcək konkret tərəfdaşdan asılı olmamaqla paralel idxal axınının müxtəlif ölkələrə paylanmasında maraqlıdır. Rusiyanın mümkün qədər çox ticarət tərəfdaşına ehtiyacı var”, – deyə o qeyd edib.

Analitik əlavə edib ki, Paşinyanın bəzən sərt bəyanatları və Ermənistanın Qərblə geosiyasi əməkdaşlığı Moskvanı çox da narahat etmir. “İndi Rusiyanın Cənubi Qafqazda daha əhəmiyyətli hərbi-strateji tərəfdaşı olan Azərbaycan var, ona görə də Moskva İrəvanı, ilk növbədə, iqtisadi tərəfdaş kimi qəbul edir. İrəvanın Qərbə istiqamətli kursuna baxmayaraq, Putinin Ermənistanla ticarəti artırmaq istəyi təkcə ani mənfəətlə deyil, həm də gələcək hədəflərlə müəyyənləşir. Ermənistan hakimiyyətinin dəyişməsi ilə yeni əməkdaşlıq sahələri açıla bilər”, – deyə o bildirib. O, vurğulayıb ki, Ermənistan rəhbərliyinin siyasi baxışlarının təkamülü çox əhəmiyyətlidir və bu, Nikol Paşinyanla bitməyə bilər.

“Qarşımızda Gürcüstan nümunəsi var və burada tamamilə Qərbyönlü hökumət tədricən Rusiya ilə yaxınlaşmağa və onu mühüm tərəfdaş kimi görməyə başladı. İndi 12 il əvvəl hakimiyyətə gələn bu hökumət Qərbdə, o cümlədən ABŞ-də düşmən hesab olunur. Ona görə də Ermənistanın geosiyasi prioritetləri bununla bitmir. Paşinyan hərbi-siyasi mənada anti-Rusiyadır, iqtisadi baxımdan isə hətta kifayət qədər Rusiyapərəstdir”, o yazıb.

Rafi Müslümov

COP29