Moskva Kubanı da itirdi

imagesTaleh Əliyev: “Kuba ilə yaxınlaşmaqla Ağ Ev Moskvanın həmin bölgədə…”

Bildiyimiz kimi, son zamanlar ABŞ-la Kuba arasında münasibətlərdə istiləşmə prosesi gedir. Artıq Vaşinqton Havanaya əvvəlki illərdə olduğu kimi yanaşmır. Bu yaxınlarda ABŞ prezidenti Barak Obama Kubanı terrorçuluğa sponsorluq edən ölkələri siyahısından çıxarmaq barədə qərar verdi. Bu qərar görəsən, Rusiya ilə mübarizədə düşmənlərin sayını azaltma deməkdirmi?

Politoloq Taleh Əliyev: “Bilirsiniz ki, ABŞ Kuba münasibətləri həm ideoloji aspektdə, həm də region ölkələri olaraq bir-birilə müharibə vəziyyətində idi. Onlar bir-birinə düşmən gözü ilə baxırdılar. Bir müddət idi ki, tərəflərin yaxınlaşma ehtimalı haqqında müəyyən mesajlar verilirdi. Amma Amerika dövlətlərinin son toplantısında Obama ilə Kuba rəhbəri Raul Kastro Rusun əl-ələ verərək görüşməsi mühüm proses idi. Burada münasibətlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi də oldu. ABŞ-ın siyasəti öz sərhədləri yaxınlığında başqalarının, xüsusən də Rusiyanın yer ala bilməməsi və Moskvanın qlobal olaraq təklənməsi siyasətidir. Kuba ilə yaxınlaşmaqla düşünürəm ki, Ağ Ev Moskvanın həmin bölgədə Havana vasitəsilə həyata keçirməyə çalışdığı təsir imkanlarına da sarsıdıcı zərbə vurmağa nail olacaq. Vaşinqton sərhədləri yaxınlığında başqa güclərin olmamasını istəyir ki, bu baxımdan da Ağ Evin yeritdiyi siyasət uğurlu siyasətdir. Həmin addıma həmçinin prezident Obamanın da uğuru kimi yanaşmaq olar. Çünki, Kuba ilə son 50 ildə qarşılıqlı düşmənçilik səviyyəsində olan münasibətlər məhz Obamanın dövründə artıq bir tarixə çevrilmiş, yeni bir eranın başlanğıcı kimi yadda qalan olmuşdur”.

Elçin