“Moskva Türkiyəyə təzyiq üçün “kürd məsələsi”ndən istifadə edir” – Rusiyalı ekspert

“ABŞ-ın İraq kürdlərinin müstəqillik ideyasına tərəfdar olduqlarını düşünmək yanlışdır”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində “kürd məsələsi”nin Türkiyə-Rusiya münasibətlərinə təsirini dəyərləndirən Moskva Beynəlxalq Münasibətlər İnstitutunun (MBMİ) dosenti Mehmet Emin İkbal Dürrə deyib.

Onun sözlərinə görə, Türkiyə sanksiyalara məruz qalan Rusiya üçün əvəzedilməz tərəfdaşdır:
“ABŞ və digər Qərb dövlətləri İraq kürdlərinin keçirdikləri referendumu və onların müstəqillik ideyalarını dəstəkləmədilər. Əksinə, o dövlətlər referendumdan əvvəl Bərzanini bu təşəbbüsdən çəkindirməyə cəhd göstərdilər. Referendum məsələsini yalnız İsrail dəstəklədi. Yəni ABŞ-ın İraq kürdlərinin müstəqillik ideyasına tərəfdar olduqlarını düşünmək yanlışdır.

PKK-nın yaradılmasında Moskvanın hansısa rolunun olması haqqında məlumatım yoxdur. Bəziləri iddia edirlər ki, PKK-nın yaradılması SSRİ rəhbərliyinin işidir. Hətta bir çox ekspertlər bu məsələdə Türkiyə kəşfiyyatının əli olduğunu bildirirlər. Mən şayiələrə inanmıram, bununla bağlı heç bir sənədlə də rastlaşmamışam.

Türkiyə-Rusiya münasibətlərinə “kürd məsələsi”nin təsirinə gəldikdə nəzərə almaq lazımdır ki, Kremlin xarici siyasəti iqtisadi maraqlar üzərində qurulub. Qərbin ciddi sanksiyalarına məruz qalan Rusiya üçün Türkiyə əvəzedilməz iqtisadi tərəfdaşdır. Məlum olduğu kimi, Türkiyə Qərbin Rusiya əleyhinə sanksiyalarını dəstəkləmir.

Bəli, Türkiyə ilə Rusiyanın siyasi münasibətlərində gərginlik yarananda, Moskva Ankaraya təzyiq məqsədi ilə kürd amilindən istifadə edir. Əslində, hansı dövlət bacarırsa, Türkiyə əleyhinə həmin amildən yararlanmağa çalışır. Ona görə də, Türkiyə bu məsələni həll etməyənə qədər belə davam edəcək”.

Qafqaz Ömərov

COP29