Rusiya Xəzərdəki hərbi-dəniz donanmasını Həştərxan şəhərindən Dağıstana köçürtmək qərarına gəlib. Belə ki, verilən qərara görə, bundan sonra şimal ölkəsinin Xəzərdəki hərbi-dəniz donanması Dağıstanın Kaspiysk şəhərində yerləşəcək. RİA Novostinin məlumatına görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib. Kaspiyskdə yerləşəcək donanmanın hərbi qulluqçularının sayı da xeyli sayda artırılacaq.
Qeyd edək ki, Xəzər dənizində yerləşən ölkələr, o cümlədən Rusiyanın özü bu hövzənin kəskin şəkildə hərbiləşdirilməsinə qarşı çıxdıqlarını dəfələrlə bəyan ediblər. Belə olan halda, Moskva birdən-birə özünün hərbi-dəniz donanmasını digər dövlətlərin sərhədlərinə doğru daha da yaxınlaşdırır. Bu azmış kimi, orada cəmləşəcək hərbi qulluqçuların sayını da artırır. Görəsən, Moskva nədən belə bir addıma əl atır? Onun bu hərəkəti qonşu ölkələr üçün nə deməkdir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında bildirdi ki, Rusiyanın sözügedən addımı Xəzəryanı digər ölkələri daim təhdid altında saxlamaq üçün onlara göstərilən əzələ nümayişidir:
“Sözsüz ki, Rusiyanın öz hərbi-dəniz donanmasını Həştərxandan çıxararaq, Azərbaycan sərhədlərinə doğru daha da yaxınlaşdırması xoş olmayan addımdır. Moskva bir tərəfdən Xəzər dənizini “sülh hövzəsi” adlandırır, digər tərəfdən isə bu ərazidə hərbi-dəniz donanmasını daha da gücləndirir. Hələ azmış kimi, Həştərxanda yerləşən hərbi-dəniz bazasını da Dağıstana köçürür. Bu isə Azərbaycan üçün müəyyən təhdidlərin yaranması deməkdir. Çünki Həştərxanla müqayisədə, Dağıstan Azərbaycana daha yaxındır. Rusiya bu addımı hansı səbəbdən atdığını da heç kimə izah etmir. Xəzər dənizini “sülh hövzəsi” hesab edib, digər Xəzəryanı ölkələrlə heç bir problemi yoxdursa, nədən burada özünün hərbi-dəniz donanmasını gücləndirir? Bu, doğrudan da sirr olaraq qalır. Belə çıxır ki, əslində Rusiya qonşu dövlətlərdən çəkinir, ona görə də onlara əzələ nümayişi göstərir. Hansı ki, bu da qonşuluq prinsiplərinə uyğun deyil. Suriyada əməliyyata başlayanda da Rusiya Bakı limanına yaxınlaşmaqla və sahilyanı ölkələr xəbərdar edilmədən Xəzərdəki bəzi gəmilərindən terrorçulara raket zərbələri endirdi. Bunun özü də sahil ölkələri üçün əzələ nümayişi idi. Amma düşünmürəm ki, Xəzərdəki hərbi-dəniz qüvvələrini gücləndirmək və bazanı Dağıstana köçürtməkdə başlıca məqsəd məhz Yaxın Şərq və Suriya ilə bağlı olsun.
Burada ancaq bir məqsəd var. O da qeyd etdiyim kimi, sahilyanı ölkələrə əzələ nümayişinə hesablanmış bir addımdır. Moskva çalışır ki, Rusiyanın bölgədəki maraqları ilə xəzəryanı ölkələr daim hesablaşsın. Fikrimcə, Qərbin Xəzər hövzəsində elə bir hərbi marağı yoxdur. Demək, Rusiyanın həmin addımı bu amillə bağlı deyil. Həmçinin, Xəzəryanı digər ölkələrin Qərblə hərbi sahədə ciddi bir əməkdaşlığı da yoxdur. Bu mənada Rusiyanın burada özünün hərbi-dəniz donanmasını gücləndirməsi üçün heç bir əsas yoxdur. Bütün hallarda Moskvanın atdığı həmin addım sonda ona gətirib çıxaracaq ki, digər sahilyanı ölkələr, o cümlədən Azərbaycan da məcbur qalaraq, Xəzərdəki hərbi donanmasını gücləndirmək yolunu tutacaq”.
ELÇİN