Moskvada Heydər Əliyev Fondununun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gəndlər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib.
Yenicag.az-ın Moskva bürosunun məlumatına görə, tədbirdə Rusiya və Azərbaycanın gənclər birliklərinin, Rusiyadakı Azərbaycan səfirliyinin və diasporun nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən AMOR-un idarə heyətinin üzvü Emin Hacıyev birliyin sədri Leyla Əliyeva adından qonaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək, təşkilatın 2018-ci ildəki fəaliyyəti barədə məlumat verib. O, AMOR-un üzvlərinin sayının ilbəil artdığını söyləyib:” Təşkilatımız Rusiyada fəaliyyət göstərən digər ictimai birliklər və ali təhsil müəssisələri ilə uğurla əməkdaşlığını davam etdirir”.
Emin Hacıyev Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gənclər adından dekabrın 24-də doğum günün qeyd edən Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.
Rusiyadakı Azərbaycan icması adından çıxış edən akademik Fazil Qurbanov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilatın Rusiyada yaşayan və təhsil alan gənclərin birləşməsində, elm, təhsil, yaradıcılıq sahələrində, habelə ictimai təşəbbüslərin reallaşdırılmasında xidmətlərinin əvəzsiz olduğunu söyləyib. İki ölkə arasında münasibətlərin inkişafından danışan akademik bildirib ki, azərbaycanlı gənclərin Rusiya ictimaiyyətinə inteqrasiya etməsi önəmlidir: “AMOR-un bu sahədə gördüyü iş təqdirəlayiqdir”.
Rəsmi hissədən sonra Rusiyada fəaliyyət göstərən incəsənət nümayəndələrinin ifasında milli musiqi və rəqslərdən ibarət konsert proqramı nümayiş olunub.