İyunun 16-da Moskva şəhərində taksi sürücüsünün piyada yoluna çıxaraq yeddi nəfəri vurması nəticəsində iki Azərbaycan vətəndaşı xəsarət alıb.
Azərbaycanın Rusiyadakı səfirliyindən Yenicag.az-a bildirilib ki, insident haqqında məlumat səfirliyə daxil olan kimi səfir Polad Bülbüloğlunun göstərişi ilə soydaşlarımızın yerləşdiyi tibb müəssisəsi ilə əlaqə saxlanılıb. Məlumata əsasən, xəsarət alanların vəziyyəti qənaətbəxş olduğundan onlar evə buraxılıblar.
Xatırladaq ki, iyunun 16-da Moskvanın mərkəzində taksinin yolun kənarında duran piyadaları vurması nəticəsində 7 nəfər yaralanıb. Onların hamısının hazırda DÇ-2018-də iştirak edən Meksika yığmasının fanatları olduğu bildirilsə də, sonradan məlum olub ki, zərərçəkənlərin arasında iki azərbaycanlı da var.
Qəzanın ilkin səbəbi kimi sürücünün idarəetməni itirməsi göstərilir. Taksi sürücüsü əyləc əvəzinə qazı basdığını bildirib. Sürücü ərazi polis bölməsinə aparılıb. Hadisənin səbəbləri aydınlaşdırılır və yoxlamalar aparılır.
Yol hərəkətinin təşkili mərkəzindən verilən məlumata əsasən, sürücü nəqliyyat vasitəsini Qırğızıstana məxsus sürücülük vəsiqəsi ilə idarə edib.