“Prinsipial addımlar atmayacağı təqdirdə, bu ölkə ilə kommunikasiyaların açılmasının da heç bir məntiqi izahı yoxdur”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Ədalət, Hüquq və Demokratiya Partiyasının (ƏHDP) sədr müavini Elçin Mirzəbəyli deyib.
Rusiya XİN-in Cənubi Qafqazda kommunikasiyaların bərpası ilə bağlı dəstəkyönümlü bəyanatını şərh edən millət vəkilinin sözlərinə görə, Rusiya hələ də Cənubi Qafqazdakı proseslərin inkişafına və kommunikasiyaların açılmasına 10 noyabr 2020-ci il bəyannaməsi kontekstindən yanaşır:
“Halbuki o zamandan indiyə qədər Azərbaycanla Ermənistan arasında bir sıra razılaşmalar olub. Misal üçün delimitasiya prosesi ikitərəfli qaydada baş tutan danışıqların nəticəsi idi. Eyni zamanda müvafiq olaraq komissiyalar formalaşdırılıb. Komissiyaların fəaliyyəti ilə bağlı əsasnamə, ölkələrin parlamentlərində ratifikasiya olunub ki, bu da məhz ciddi addım sayıla bilər. Həmin komissiyaların fəaliyyətinin də hazırda şahidiyik. Yəni prinsip etibarilə diplomatik əlaqələr qurulmasa da müəyyən addımlar atılıb”.
ƏHDP funksionerinin qənaətinə görə 10 noyabr 2020-ci il bəyanatının şərtlərindən artıq xilas olmağın vaxtı çoxdan gəlib çatıb:
“Kremlin üçtərəfli bəyanatı hər zaman xatırlatmasına əsas səbəb sözügedən proseslər üçün Rusiyanın iştirakını təmin edən yeganə sənəd olmasıdır. Nəzərə almaq lazımdır ki, üçtərəfli bəyanatın icrası ilə bağlı Ermənistan tərəfi bir çox aspektdən bizim qədər öz öhdəliklərini yerinə yetirməyib. Yəni Rusiya Xarici İşlər Nazirliyi belə bəyanatı daha çox Ermənistan tərəfinə ünvanlanacaq mesajdır. Azərbaycanın öz hədəfləri var. Ermənistan tərəfi sülh müqaviləsinin şərtlərinin yerinə yetirilməsi istiqamətində prinsipial addımlar atmayacağı təqdirdə, bu ölkə ilə kommunikasiyaların açılmasının da heç bir məntiqi izahı yoxdur. O zaman kommunikasiya açıla bilər ki, Ermənistan sülh müqaviləsini imzalasın və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin”.
Nəsimi Ələsgərli