!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvadan daha bir sərsəm iddia: “Rusiyanın cavabı verilmədikcə, üstümüzə daha çox gələcəklər” – Politoloq

!Reklam – Yazi

Rusiya Xarici İşlər Nazirliyi 2018-ci ildə erməni olduqlarına görə Azərbaycana buraxılmayan Rusiya vətəndaşlarının sayını açıqlayıb.

Yenicag.az-ın Moskva bürosunun verdiyi məlumata görə, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ötən il Azərbaycan tərəfinin milliyyətcə erməni olan 16 Rusiya vətəndaşını ölkəyə buraxmadığını açıqlayıb.

“Biz dəfələrlə Azərbaycan tərəfi qarşısında məsələ qaldırmışıq. Bu, artıq adət halını alıb. Birinci hal deyil ki, Rusiya vətəndaşları etnik mənsubiyyətinə görə diskriminasiyaya uğrayır. Bizdə ötən ilin bununla bağlı statistikası mövcuddur. Belə ki, ötən il 16 Rusiya vətəndaşı etnik mənsubiyyətinə görə Azərbaycan aeroportunda saxlanılıb və deportasiya olunub. Biz, Azərbaycan tərəfindən tələb edirik ki, bu təcrübəyə son qoyulsun. Çünki, bu hal Rusiya və Azərbaycan arasındakı dostluq əlaqələrinə uyğun deyil. Azərbaycan tərəfi bu məsələni yoluna qoyacağını bildirib. Biz də buna ümid edirik”.- deyə M.Zaxarova qeyd edib.

Zaxarovanın erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasına dair səsləndirdiyi fikirləri Yenicag.az-a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Zaxarovanın bu fikirlərinə dərhal cavab verməlidir:

“Heç kəs unutmasın ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. İstənilən ölkənin erməni əsilli vətəndaşları anlamalıdırlar ki, belə bir şəraitdə Azərbaycana səfər etmək onların özləri üçün təhlükəsizliklə bağlı problemlər yarada bilər. Əslində, Rusiya ermənilərinin Azərbaycana gəlmək cəhdlərinin özü də təxribatdır.

Bəli, hansısa icazəli səfərləri başa düşmək olar. Ancaq torpaqlarımızın Ermənistanın işğalı altında qaldığı, bir milyon soydaşımızın öz ölkəsində qaçqın vəziyyətində olduğu vaxtda ermənilərin Azərbaycana gəlməsi, rahat-rahat Bakıda gəzməsi istər-istəməz yumşaq desək, qıcıq yaradır. Əlbəttə, əgər Ermənistanın işğalçılıq siyasəti olmasaydı, Xocalı soyqırımı, digər qətliamlar olmasaydı, hər hansı ölkədə yaşayan erməninin Azərbaycana gəlməsi problem olmazdı.

O baxımdan, Mariya Zaxarovanın bu sözləri sanki Azərbaycana yönəlik ultimatumdur. Fikrimcə, bu, onun şəxsi fikri yox, ermənipərəst Sergey Lavrovun sifarişidir.

Biz Rusiyadan çəkinməməliyik, onların bu cür danışmalarına şərait yaratmamalıyıq. Bəli, Rusiya böyük dövlətdir. Lakin bu o demək deyil ki, Rusiyanın bütün əməllərinə göz yummalıyıq, dedikləri ilə razılaşmalıyıq. Bu, düzgün deyil. Onların belə açıqlamalarına adekvat cavab vermədikcə, boşluq yaranır, üstümüzə daha çox gəlməyə başlayırlar.

Hesab edirəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Zaxarovanın bu fikirlərinə dərhal cavab verməlidir. Onlara cavab verilmədikcə, istər Zaxarova, istərsə də başqası, Azərbaycan əleyhinə açıqlamalar daha da intensiv xarakter alacaq.

Mən demirəm, Rusiya ilə düşmən olaq, ancaq o ölkədən bu cür açıqlamalar verilirsə, Dağlıq Qarabağa təxribatçı səfərlər həyata keçirilirsə, mütləq cavab verilməlidir. Eyni zamanda, mən o adamları da başa düşmürəm ki, Rusiyanın ölkəmizə qarşı bu qədər təxribatına baxmayaraq, hələ də Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü haqda danışırlar”.

A.Zeynalov

www.yenicag.az

1885
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv